Əsas səhifə » İsrail Qəzzaya gedən yardım gəmisinə qarşı plan hazırlayır

İsrail Qəzzaya gedən yardım gəmisinə qarşı plan hazırlayır

BAKI, AzerVoice

İsrail Azadlıq Donanmasının Qəzzaya yardım missiyasını dayandırmaq qərarına gəlib.

AzerVoice xəbər verir ki, İsrail təhlükəsizlik qüvvələri İtaliyadan yola düşərək Qəzzaya humanitar yardım aparan "Madleen" gəmisinin blokadanı yararaq bölgəyə daxil olmasının qarşısını almaq niyyətindədir.

İsrailin dövlət televiziyası KAN-ın yaydığı məlumata görə, Qəzzaya iyunun 7-də çatacağı gözlənilən və Azadlıq Donanması Koalisiyasına məxsus olan gəmi İsrail tərəfindən izlənilir. Gəminin İsrail dəniz qüvvələri tərəfindən saxlanılması və ya ələ keçirilməsi ehtimalı da gündəmdədir.

Adı açıqlanmayan İsrail hərbi mənbələri yerli mediaya bildiriblər ki, gəmi ekipajına “məhdud dəniz zonasına” daxil olmamaqla bağlı xəbərdarlıq ediləcək. Əgər xəbərdarlığa əməl olunmazsa, İsrail qüvvələrinin müdaxilə edəcəyi istisna edilmir.

Gəmidə olan Avropa Parlamentinin üzvü Rima Həsən bildirib ki, bu missiyanın uğur qazanması üçün ictimaiyyətin və medianın dəstəyi əsas şərtdir. “Keçmişdəki yardım missiyalarında mediadan gizli hərəkət strategiyası uğursuz oldu. Bu dəfə açıq və intensiv əlaqə qurmalıyıq.” - deyə o bildirib.

Qeyd edək ki, gəmidə Rima Həsənlə yanaşı İsveçli iqlim fəalı Qreta Tunberq və "Taxt Oyunları" serialının aktyoru Liam Kanninqem də iştirak edir.

Gəminin ekipajı arasında olan türkiyəli fəal Şuayb Ordu sosial şəbəkədə yayımladığı videoda vəziyyətlərinin yaxşı olduğunu bildirib və beynəlxalq ictimaiyyəti diqqət göstərməyə çağırıb. “Hələ də irəliləyirik, bizi unutmayın!” - deyə o vurğulayıb.

Qeyd edək ki, Azadlıq Donanması daha əvvəl də Qəzzaya humanitar yardım aparmağa çalışmış, lakin bu təşəbbüslər İsrail tərəfindən blokadaya alınmışdı. Beynəlxalq ictimaiyyət bu tip təşəbbüsləri dəstəkləsə də, İsrailin təhlükəsizlik arqumentləri regionda gərginliyin artmasına səbəb olur.

Digər Kateqoriyalar

2025 © Azervoice