BAKI, AzerVoice
İnsanlar bəzi münasibətlərdə itlərinə daha çox üstünlük verirlər.
AzerVoice xəbər verir ki, Macarıstanda aparılan bir tədqiqat, bir çox insanın ev heyvanı kimi itlərlə qurduğu əlaqəni, əksər insan münasibətlərindən daha səmimi və qənaətbəxş hesab etdiyini ortaya qoyub.
Eotvos Lorand Universitetinin alimləri 700-dən çox it sahibinin fikirlərini təhlil edərək müəyyən ediblər ki, insanlar itlərlə münasibəti uşaqları istisna olmaqla romantik tərəfdaş, qohum və dostlarla münasibətlərdən daha üstün tuturlar. Tədqiqat nəticələrinə görə, itlərlə qurulan əlaqələr adətən “uşaq-dost” münasibətlərinin birləşməsinə bənzəyir – qayğı, emosional yaxınlıq və nəzarətin olduğu, lakin mənfi qarşılıqlı əlaqənin olmadığı bir əlaqə forması kimi xarakterizə olunur.
Əsas müəllif Eniko Kubinyi qeyd edib ki, itlər sahiblərinə “uşağın emosional yaxınlığını, ən yaxşı dostun rahatlığını və münasibətlərdə proqnozlaşdırıla bilən davranışları” təklif edir. Bu da onların sosial dünyamızda tutduğu yeri bənzərsiz edir.
Tədqiqat həmçinin göstərib ki, it sahibləri heyvanları üzərində tam nəzarətə malik olduqları üçün daha yüksək məmnuniyyət hiss edirlər. Lakin bunun əksinə olaraq, insanlarla qurulan münasibətlərdə qarşılıqlı qərar qəbuletmə prosesi bu razılıq səviyyəsini azalda bilər.
Tədqiqat nəticələri ev heyvanlarının – xüsusilə itlərin – insan münasibətlərini əvəz etmədiyini, əksinə onları tamamladığını göstərir. Həmmüəllif Dorottya Ujfalussy deyib ki, "İnsan münasibətləri zəif olan şəxslərin itlərinə daha çox bağlanması gözlənilsə də, nəticələr bunun əksini göstərib".
Qeyd edək ki, bu araşdırmada pişik sahibləri iştirak etməyib. Lakin əvvəlki tədqiqatlara görə, pişiklər “təhlükəsiz ittifaq və tərbiyə” sahələrində insanlarla bənzər nəticələr göstərsələr də, itlər ümumilikdə “yoldaşlıq və emosional dəstək” baxımından daha yüksək qiymətləndiriliblər.