BAKI,AzerVoice, Orxan Qədirzadə
İran hakimiyyəti ABŞ-la planlaşdırılan danışıqlar ərəfəsində bəyan edib ki, raket proqramı və aşağı səviyyəli uran zənginləşdirmə fəaliyyəti ölkənin dəyişməz “qırmızı xətləri” olaraq qalır və bu mövzular üzrə heç bir müzakirə aparılmayacaq.
AzerVoice xəbər verir ki, İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rızai İran mediasına açıqlamasında ABŞ-la fevralın 6-da Omanın paytaxtı Maskatda keçirilməsi nəzərdə tutulan danışıqlarla bağlı mövqeyi açıqlayıb. O bildirib ki, İranın raket proqramı və uranın aşağı səviyyədə zənginləşdirilməsi məsələləri müzakirəyə açıq deyil və bu sahələr ölkənin strateji təhlükəsizlik çərçivəsinə daxildir.
Rızainin sözlərinə görə, Tehran bu mövqedən geri çəkilmək niyyətində deyil. O qeyd edib ki, əgər ABŞ tərəfi əvvəlki yanaşmanı davam etdirərək uranın zənginləşdirilməsinin tam dayandırılması kimi tələblərlə çıxış edərsə, bu halda danışıqların əvvəlcədən uğursuz sayılması mümkündür.
İranlı rəsmi vurğulayıb ki, ABŞ-la aparılacaq müzakirələrin real nəticə verməsi üçün qarşı tərəf Tehran tərəfindən müəyyən edilmiş qırmızı xətləri nəzərə almalıdır. Əks halda, diplomatik prosesin irəliləməsi çətin olacaq.
Analitiklərin fikrincə, İranın bu açıqlaması Vaşinqtonla Tehran arasında gərginliyin yüksək olduğu bir mərhələdə danışıqların çərçivəsini əvvəlcədən məhdudlaşdırmaq məqsədi daşıyır. Xüsusilə raket proqramı və nüvə fəaliyyətləri ilə bağlı məsələlər tərəflər arasında əsas ziddiyyət nöqtələri olaraq qalmaqdadır.