BAKI, AzerVoice, Orxan Qədirzadə
Beynəlxalq Cinayət Məhkəməsi Sudanının Darfur bölgəsində törədilən zorakılıqlarla bağlı Cancavid milis dəstəsinin liderlərindən biri sayılan Əli Məhəmməd Əli Abd-ər-Rəhmanı 20 il müddətinə azadlıqdan məhrum edib.
AzerVoice xəbər verir ki, Abd-ər-Rəhman, həmçinin Əli Kuşayb kimi tanınan, ötən ilin oktyabrında 27 maddə üzrə — o cümlədən müharibə cinayətləri və insanlığa qarşı cinayətlər, qətl, işgəncə, zorlamaların təşkilində iştirakda ittiham olunaraq təqsirli bilinmişdi. Cinayətlər 20 il əvvəl Darfurda Cancavid dəstələri tərəfindən həyata keçirilmişdi.
Məhkəmə müdafiə tərəfinin “səlahiyyətlərin məhdud olduğu” barədə arqumentlərini qəbul etməyib və zərərçəkənlərin ifadələrinin əhəmiyyətinə diqqət çəkib.
Sədr hakim Joanna Körner bildirib ki, Abd-ər-Rəhman təkcə əmrlər verməklə kifayətlənməyib, həm Mukcar, həm də Dəleyiq qəsəbələrində “özünün daşıdığı baltadan istifadə etməklə bəzi zorakılıqlarda şəxsən iştirak edib”.
Məhkəmə 20 illik həbs cəzası təyin edib ki, bu müddət 76 yaşlı təqsirkarın həyatının qalan hissəsini həbsdə keçirməsi anlamına gəlir.
Prokurorlar ömürlük həbs tələb etmişdi. Müdafiə tərəfi isə onun yanlış identifikasiya qurbanı olduğunu bildirərək 7 ildən artıq həbsin faktiki ömürlük cəza sayılacağını iddia edib.
Həm prokurorluq, həm də müdafiə tərəfi hökm və cəza ilə bağlı qərar verməzdən əvvəl sənədləri araşdıracaqlarını bildirib.
2000-ci illərin əvvəllərində baş verən toqquşmalarda Sudanın qərbindəki Darfur bölgəsi beynəlxalq humanitar təşkilatlar və BMT tərəfindən ciddi humanitar böhran kimi qiymətləndirilmişdi.
2005-ci ildə BMT Təhlükəsizlik Şurası işə baxılmasını Beynəlxalq Cinayət Məhkəməsinə həvalə etmişdi. Haaqa məhkəməsi yerli instansiyalar ən ağır cinayətləri araşdıra bilmədikdə onları beynəlxalq səviyyədə mühakimə etmək üçün yaradılıb.
2023-cü ildə Sudanda ordu ilə Sürətli Dəstək Qüvvələri arasında yenidən toqquşmalar yaşanıb. Həmin qrup geniş şəkildə Cancavidin varisi kimi qəbul edilir. Xüsusilə əl-Fəşir şəhərindəki döyüşlər etnik zəmində zorakılıqlara və genişmiqyaslı əhali köçünə səbəb olub.