BAKI, AzerVoice, Nailə Babazadə
Hakerlər nəhəng bir avtomobil markasının sistemlərini çökdürüb. Problemi aradan qaldıra bilməyən şirkət istehsalı dayandırmaq məcburiyyətində qalıb.
AzerVoice xəbər verir ki, Jaguar Land Rover, tədarükçülərinə xəbərdarlıq edərək bildirib ki, dağıdıcı bir kiber hücumun yaratdığı böhran səbəbilə avtomobil istehsalı noyabr ayına qədər bərpa olunmaya bilər.
Hakerlərin şirkətin kompüter sistemlərini ələ keçirməsinin ardından zavod xətləri artıq iki həftədir ki, fəaliyyət göstərmir. Bu vəziyyət şirkət rəhbərlərini minlərlə zavod işçisini müvəqqəti olaraq evə göndərməyə vadar edib.
Lakin böhran artıq üçüncü həftəsinə keçərkən, şirkət daxilindəki yüksək səviyyəli mənbələrin tədarükçülərə istehsalın əlavə yeddi həftə də dayana biləcəyini bildirdiyi deyilir.
Range Rover, Discovery, Defender və Jaguar modellərini istehsal edən bu avtomobil nəhənginin noyabr ayına qədər istehsalı dayandırması təqribən 50 min avtomobilin istehsalına mane olacaq və milyardlarla funt sterlinq dəyərində satış itkisinə səbəb olacaq.
Bundan əlavə, şirkətin tədarükçüləri də ciddi maliyyə təzyiqi altına düşəcək və bəzilərinin xarici dəstək olmadan iflas etməsi ehtimal olunur.