BAKI, AzerVoice, Səməd Əyyubov – Suriya Müdafiə Nazirliyi ilə kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələri (SDQ) arasında şənbə günü Mənbic şəhəri yaxınlığında baş verən hücumla bağlı qarşılıqlı ittihamlar səslənib.
AzerVoice xəbər verir ki, hadisə mart ayında tərəflər arasında imzalanmış inteqrasiya razılaşmasına kölgə salıb.
Belə ki, Suriyanın Müdafiə Nazirliyi SDQ-ni ordunun şəhər ətrafındakı bir mövqeyini raket atəşinə tutmaqda ittiham edib. Hücum nəticəsində dörd hərbçi və üç mülki şəxs yaralanıb. Nazirlik hücumu “məsuliyyətsiz və əsassız” adlandırıb.
Digər tərəfdən, SDQ verdiyi açıqlamada hücumun səbəbi kimi “Suriya hökumətinə bağlı fraksiyalar tərəfindən mülki əhalinin yaşadığı ərazilərə ondan çox mərmi ilə açılan top atəşi”ni göstərib. SDQ öz hücumunda hər hansı itki ilə bağlı məlumat verməyib.
Qeyd edək ki, mart ayında SDQ ilə Dəməşq hökuməti arasında imzalanan razılaşma 14 illik müharibədən sonra ölkənin parçalanmış bölgələrini birləşdirmək məqsədi daşıyırdı. Razılaşma çərçivəsində SDQ və ona bağlı kürd bölgə idarələri Suriya dövlət strukturlarına inteqrasiya olunmalı idi.
Lakin razılaşmada SDQ qüvvələrinin Suriya ordusuna hansı şəkildə inteqrasiya olunacağı barədə təfərrüat verilməmişdi. SDQ özünün bütöv bir blok kimi qoşulmasını tələb edir, Dəməşq isə fərdi əsasda inteqrasiyanı istəyir.