BAKI, AzerVoice
Əfqanıstanın paytaxtı Kabil şəhərində Özbəkistan, Əfqanıstan və Pakistanın xarici işlər nazirləri arasında ilk üçtərəfli görüş keçirilib.
AzerVoice xəbər verir ki, görüşdə Əfqanıstanın xarici işlər naziri vəzifəsini icra edən Əmir Xan Muttaki, Özbəkistanın xarici işlər naziri Bəxtiyor Saidov və Pakistanın xarici işlər naziri Məhəmməd İşaq Dar iştirak ediblər.
Görüşə hər üç ölkənin nəqliyyat sektoruna cavabdeh rəsmiləri də qatılıb.
Tədbir çərçivəsində tərəflər Transəfqan dəmir yolu layihəsinin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasına dair üçtərəfli saziş imzalayıblar. Sazişlə, Özbəkistan, Əfqanıstan və Pakistan arasında dəmir yolu əlaqəsinin yaradılması, regiondaxili nəqliyyat dəhlizlərinin inkişafı və ticarət imkanlarının genişləndirilməsi hədəflənir.
Tərəflər bildiriblər ki, layihə təkcə regional iqtisadi əlaqələrin möhkəmləndirilməsinə deyil, həm də Avrasiya miqyasında strateji nəqliyyat şəbəkəsinin formalaşmasına töhfə verəcək.
Görüşdə kənd təsərrüfatı, dərman sənayesi, toxuculuq və tikinti sahələrində əməkdaşlığın genişləndirilməsi, o cümlədən Termiz şəhərində yerləşən Beynəlxalq Ticarət Mərkəzinin imkanlarının artırılması istiqamətində fikir mübadiləsi aparılıb.
Tərəflər iqtisadi əlaqələrin dərinləşdirilməsi və qarşılıqlı ticarətin gücləndirilməsi üçün birgə fəaliyyətə sadiqliklərini vurğulayıblar.