BAKI, AzerVoice
Çexiya Müdafiə Nazirliyi 185 ədəd 4x4 təkər formulalı zirehli avtomobilin alınması üçün ümumi dəyəri 24,7 milyard Çex kronası (təxminən 1,1 milyard ABŞ dolları) olan tender elan edib.
AzerVoice xəbər verir ki, bu barədə "ÇTK" agentliyi müdafiə nazirinin müavini Frantişek Şultsa istinadla məlumat yayıb.
“Zirehli maşınların təchizatı üzrə tender artıq elan olunub. Söhbət 4x4 təkər formulalı 185 ədəd zirehli nəqliyyat vasitəsindən gedir. Müqavilənin ümumi dəyəri 24,7 milyard kron təşkil edir. Bu maşınlardan əsasən mühəndis qoşunlarında, tibb personalı, minaaxtaranlar və hərbi polis üçün istifadə olunacaq. Artıq ondan çox şirkət ilkin mərhələdə iştirak üçün ərizə təqdim edib” – deyə, Şults bildirib.
Çexiya ordusu, kütləsi 20 tona qədər olan MRAP (mina partlamasına və pusquya qarşı qorunan) sinifli tam ötürücülü avtomobillərlə maraqlanır. Mühəndis qoşunları belə avtomobilləri əsasən mina sahələrinin keçilməsi və zərərsizləşdirilməsi üçün tələb edir. Hər bir avtomobil 10 nəfərədək şəxsi heyəti və ya 4 tonadək yük daşımaq imkanına malik olmalıdır. Daşıma prosesi zamanı avtomobillərin uzaq məsafələrə çatdırılması üçün "C-130 Hercules" hərbi-nəqliyyat təyyarələrindən istifadə edilməsi planlaşdırılır.