Əsas səhifə » Hər cür dəstəklə İranın yanındayıq - Hizbullah

Hər cür dəstəklə İranın yanındayıq - Hizbullah

BAKI, AzerVoice

Biz hər cür dəstəklə İranın yanındayıq.

AzerVoice xəbər verir ki, Livan Hizbullahının baş katibi Naim Qasim bir açıqlama ilə çıxış edərək, təşkilatın İran ilə İsrail və ABŞ arasında davam edən münaqişədə bitərəf olmadığını bildirib.

Onun sözlərinə görə, Hizbullah bu prosesdə İranın yanında yer almağa və dəstək göstərməyə hazırdır.

“Biz İrana, onun rəhbərliyinə və xalqına dəstəyimizi ifadə edirik və bu özümüzə uyğun şəkildə davranırıq”, – deyə Naim Qasim vurğulayıb.

Qasim həmçinin bildirib ki, İsrailin son hərbi əməliyyatları region xalqlarının dözümlülüyünü sınağa çəkib və bu vəziyyət Hizbullahı məsuliyyətdən azad etmir. “Biz İranın yanında olmaq və bu vəhşiliyə son qoymaq üçün lazım olan hər cür dəstəyi verməyə hazırıq” - deyə o bildirib.

“Amerika regionu xaosa və qeyri-sabitliyə, dünyanı isə açıq böhranlara sürükləyir. İranın özünü müdafiə etmək hüququ var, və region xalqlarının da onunla eyni səngərdə olmaq haqqı mövcuddur” - deyə O, Amerikanın siyasətini tənqid edərək deyib.

Qeyd edək ki, Hizbullahın İran rəhbəri Əli Xameneiyə bağlılıq nümayiş etdirməsi Livanda narahatlıq doğurur. Yerli əhali təşkilatın İsrail-İran müharibəsinə qoşulması ehtimalından narahatdır. Ekspertlər isə Hizbullahın bu miqyasda bir münaqişədə iştirakı ilə bağlı ehtiyatlı mövqe sərgiləyir və onun real hərbi imkanları ilə bağlı suallar doğurur.

Digər Kateqoriyalar

2025 © Azervoice