BAKI, AzerVoice
İsrail və İran arasında vəziyyət sürətlə gərginləşir.
AzerVoice xəbər verir ki, Kremlin
sözçüsü Dmitri Peskov İsrail və İran arasında artan gərginlik
fonunda hər iki tərəfi maksimum təmkinə və sülhə çağırıb.
Peskov bildirib ki, bölgədə vəziyyət son dərəcə təhlükəli həddə
çatıb.
Moskvada jurnalistlərin suallarını cavablandıran Peskov, İsrail Baş naziri Benyamin Netanyahunun “İran liderini hədəfə almaq münaqişəni dayandıracaq” yönündəki fikirlərini dəyərləndirərək bu bəyanatların ciddi narahatlıq doğurduğunu bildirib.
“Vəziyyət sürətlə gərginləşir. Bu baxımdan, tərəfləri siyasi və diplomatik həll yollarına üstünlük verməyə və təmkin nümayiş etdirməyə çağırırıq”, – deyə Peskov qeyd edib. O əlavə edib ki, Moskva bu məsələdə vasitəçilik etməyə hazırdır, lakin İsrail tərəfinin sülh təşəbbüslərinə maraqlı görünmədiyini müşahidə edirlər.
Qeyd edək ki, Rusiya, İrandakı Rusiya vətəndaşlarının Azərbaycanla sərhəd qapısından təxliyyəsi istiqamətində də iş aparır.
Peskov həmçinin Türkiyənin ev sahibliyi ilə İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarına toxunaraq bildirib ki, Rusiya üzərinə düşən öhdəlikləri yerinə yetirib, lakin yeni danışıqlar raundu üçün hələ Ukrayna ilə razılıq əldə olunmayıb.
ABŞ prezidenti Donald Trampın “Rusiyanın G8-dən kənarda qalması səhv idi” fikrinə də münasibət bildirən Peskov , “Trampın bu sözləri ilə razıyıq. G7 formatı artıq bizim üçün mənasını itirib. Qlobal iqtisadiyyatda artan təsirə malik G20 ilə müqayisədə G7 artıq yararsız formata çevrilib.”- deyə bildirib.