BAKI, AzerVoice
ABŞ və Çin arasında yüksək səviyyəli nümayəndə heyətlərinin iştirakı ilə ticarət danışıqlarının yeni mərhələsi Londonda başlayıb.
AzerVoice xəbər verir ki, görüşlərə Çin Baş nazirinin müavini He Lifeng və ABŞ-ın maliyyə naziri Skott Bessent, eləcə də ticarət naziri Hovard Lutnik rəhbərlik edir.
Danışıqlar, ötən həftə ABŞ Prezidenti Donald Tramp və Çin Prezidenti Xi Jinping arasında baş tutan telefon danışığından sonra həyata keçirilən diplomatik təşəbbüslərin davamıdır.
Bazar ertəsi keçirilən altı saatlıq ilkin görüşdən sonra ABŞ rəsmiləri danışıqları məhsuldar və konstruktiv adlandırıblar. ABŞ maliyyə naziri Skott Bessent prosesi "yaxşı başlanğıc" kimi qiymətləndirib.
“Çinlə bağlı yaxşı işlər görürük. Çin asan tərəfdaş deyil, amma aldığım bütün hesabatlar yaxşıdır. Bu, Çin üçün də, dünya üçün də müsbət nəticələr verə bilər.” - deyə Tramp Ağ Evdə jurnalistlərə verdiyi açıqlamada danışıqlardan müsbət siqnallar aldığını bildirib.
Tramp, Çinə ixrac nəzarətinin qaldırılıb-qaldırılmayacağı ilə bağlı suala isə “Görəcəyik” - deyə qeyri-müəyyən cavab verib.
Çin nümayəndə heyətinin rəhbəri He Lifeng danışıqlara dair şərh verməkdən imtina edib. Danışıqların çərşənbə axşamı da davam etdiriləcəyi bildirilib.
Qeyd edək ki, ABŞ və Çin arasında ticarət münasibətləri uzun müddətdir gömrük rüsumları və texnoloji məhdudiyyətlərlə müşayiət olunur. Cenevrədə ötən ay keçirilən danışıqlarda tərəflər gömrük tariflərini 90 gün müddətinə azaltmağa razılaşmışdılar.
Bununla belə, Tramp mayın sonunda Çin tərəfini razılaşmanın bir çox müddəasını pozmaqda ittiham edib və bu məsələni Xi Jinping ilə müzakirə edəcəyini bildirmişdi. ABŞ, xüsusilə nadir torpaq elementlərinin ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılmadığını əsas gətirərək, cavab tədbiri kimi süni intellekt texnologiyalarının və çip dizayn proqram təminatının Çinə satışına nəzarət tətbiq edib.
Bundan əlavə, Vaşinqton Çin universitetlərinin bəzi tələbələrinin vizalarının ləğv ediləcəyini açıqlayıb.
Yeni gömrük məlumatlarına əsasən, Çinin ABŞ-a ixracı 2024-cü ilin may ayında ötən ilin eyni dövrü ilə müqayisədə 35% azalıb. Bu, pandemiyadan sonra ən kəskin azalma kimi qiymətləndirilir.