BAKI, AzerVoice
İlon Mask X platformasında "XChat" adlı şifrəli mesajlaşma sistemini istifadəyə verərək, istifadəçi məxfiliyində yeni dövrə qədəm qoyur.
AzerVoice xəbər verir ki, "Twitter"in
"X"ə çevrilməsindən sonra platformada yenidən qurulan mesajlaşma
sistemi – XChat artıq klassik DM (birbaşa mesaj) funksiyasını
əvəzləyir.
Maskın "məxfiliyi bir tətbiqdə tamamlamaq" hədəfi ilə təqdim etdiyi
bu sistem istifadəçilərə şifrəli ünsiyyət, yoxa çıxan mesajlar,
fayl paylaşımı, eləcə də platformalararası səsli və video zəng
imkanı verir.
Rust əsaslı texnologiya ilə qurulan XChat, Bitcoində istifadə olunan şifrələmə metoduna bənzər təhlükəsizlik səviyyəsi ilə fərqlənir. Sistem artıq tədricən bir sıra bölgələrdə istifadəyə verilməyə başlayıb və yaxın günlərdə bütün dünyada aktivləşdirilməsi planlaşdırılır.
Qeyd olunur ki, bu funksiyalar üçün istifadəçilərdən ödəniş tələb olunmur.
Qeyd edək ki, İlon Mask 2023-cü ildə ilk dəfə şifrəli mesajlaşma imkanlarını sınasa da, texniki maneələr və Signal-la uğursuz əməkdaşlıq cəhdləri səbəbindən istədiyi nəticəyə nail ola bilməmişdi. XChat isə bu sahədə daha möhkəm və geniş imkanlara malik yenilənmiş həll kimi təqdim olunur.