BAKI, AzerVoice
Ukrayna NATO-nun qırıcı təyyarələri və hava hücumundan müdafiə (HHM) sistemləri ilə birbaşa məlumat mübadiləsi aparmaq üçün nəzərdə tutulan rəqəmsal platformaya qoşuldu.
AzerVoice xəbər verir ki, bu addım Ukraynanın NATO ilə hərbi əməkdaşlığını daha da gücləndirərək, əməliyyat sahəsində daha yüksək koordinasiyanın əldə edilməsinə şərait yaradacaq.
Ukrayna artıq F-16 və Mirage 2000 qırıcı təyyarələrinə, həmçinin MIM-104 Patriot HHM sistemlərinə malikdir. Bu texnika, döyüş əməliyyatları zamanı həm məlumat ötürmək, həm də digər müttəfiq ölkələrdən zəruri məlumatları əldə etmək üçün rəqəmsal platformaya qoşulma imkanı yaradır.
Hərbi ekspertlər bildirirlər ki, bu addım Ukraynanın NATO qüvvələri ilə sıx koordinasiyasını təmin etməklə yanaşı, əməliyyat sahəsində daha sürətli qərarların qəbuluna imkan verəcək. Eyni zamanda, Ukrayna hərbçilərinin müasir döyüş şəraitində çevik reaksiya verməsinə və müttəfiqlərlə birgə fəaliyyət göstərməsinə şərait yaradacaq.
Qeyd edək ki, NATO-nun rəqəmsal platforması hərbi sahədə situativ məlumatlandırmanı artırmaq, real vaxt rejimində məlumat paylaşmaq və döyüş əməliyyatlarının daha effektiv əlaqələndirilməsini təmin etmək məqsədi daşıyır. Platforma vasitəsilə toplanan məlumatlar taktiki və strateji qərarların qəbulunda əhəmiyyətli rol oynayır.