BAKI, AzerVoice
Mitsotakis Avropada Türkiyənin müdafiə sahəsindəki tərəfdaşlıqlarından narahatlığını bildirib.
AzerVoice xəbər verir ki, Yunanıstanın
baş naziri Kiriakos Mitsotakis son İtaliya və Almaniya səfərlərində
diqqəti bir daha Türkiyəyə yönəldib.
O, xüsusilə Türkiyənin Avropa ölkələri ilə hərbi-sənaye sahəsində
yaxınlaşmasından narahat olduğunu ifadə edib.
Romalı həmkarı Giorgia Meloni ilə görüşündə Mitsotakis, Avropa İttifaqının vahid təhlükəsizlik strategiyası çərçivəsində tərəfdaş seçimlərinin birliyin maraqları və xarici siyasət prinsipləri ilə uzlaşmasının vacibliyinə diqqət çəkib. İtaliya ilə Türkiyə arasında müdafiə sahəsində artan əməkdaşlığı tənqid edən Mitsotakis, bunun AB üçün strateji narahatlıq doğurduğunu bildirib.
Almaniya kansleri Fridrix Merslə keçirdiyi birgə mətbuat konfransında isə Mitsotakis, Almaniyanın Türkiyəyə Eurofighter döyüş təyyarələri və Meteor raketləri satışına dair qərarlarında AB ölkələrinin maraqlarının nəzərə alınmalı olduğunu vurğulayıb.
Qeyd edək ki, Yunanıstan son zamanlar Türkiyənin həm Avropa müdafiə layihələrinə inteqrasiyasının qarşısını almağa, həm də silah tədarükündə məhdudiyyətlər tətbiq edilməsinə yönəlik diplomatik səylərini artırıb.