BAKI, AzerVoice
Gürcüstan ABŞ ilə münasibətləri bərpa edib dərinləşdirmək
niyyətindədir.
AzerVoice xəbər verir ki, Tbilisi meri
və hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının baş
katibi Kaxa Kaladze Gürcüstanın ABŞ ilə münasibətləri yalnız bərpa
etməyə deyil, eyni zamanda daha da dərinləşdirməyə hazır olduğunu
bəyan edib.
Kaladze jurnalistlərə açıqlamasında bildirib ki, Gürcüstan hökuməti ABŞ ilə dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsində maraqlıdır. “Biz münasibətləri dərinləşdirməyə, yenidən başlamağa və tərəfdaşlıq əlaqələrini inkişaf etdirməyə hazırıq. ABŞ-la münasibətlər bizim üçün vacibdir və bu əlaqələr heç kim üçün qəbuledilməz deyil” - deyə o qeyd edib.
Tbilisi meri həmçinin Gürcüstanın suveren dövlət olduğunu
vurğulayaraq, heç kimin ölkədən öz maraqları üçün istifadə etməsinə
imkan verilməyəcəyini qeyd edib.
“Biz Avropa və ABŞ ilə əməkdaşlıqda maraqlıyıq, lakin hansısa
dominant münasibət modelinə razı deyilik. Bu yanaşmanı doğru
saymırıq və qəbul etməyəcəyik”- deyə o bildirib.
Qeyd edək ki, ABŞ Dövlət Departamenti 2024-cü il noyabrın 30-da Gürcüstanla strateji tərəfdaşlığın dayandırıldığını açıqlayıb. Bu qərar, baş nazir İrakli Kobaxidzenin Avropa İttifaqı ilə 2028-ci ilin sonuna qədər üzvlük danışıqlarının gündəmə gətirilməməsi və beynəlxalq qrantlardan imtina olunması barədə bəyanatından sonra verilib. Gürcüstan hökuməti bu addımı Aİ-nin daimi təzyiqləri və daxili siyasətə müdaxilə cəhdləri ilə izah edib. Bu qərar ölkə daxilində geniş etirazlara səbəb olub.