Əsas səhifə » ABŞ-da evsiz insanlar məcburi psixi xəstəxanaya yerləşdirilir

ABŞ-da evsiz insanlar məcburi psixi xəstəxanaya yerləşdirilir

BAKI, AzerVoice

ABŞ-da evsizlərin məcburi psixi xəstəxanaya yerləşdirilməsi müzakirə olunur.

AzerVoice xəbər verir ki, ABŞ-da evsizliklə mübarizə məqsədilə evsiz şəxslərin məcburi psixi xəstəxanaya yerləşdirilməsi və fentanil istifadəsinə nəzarətin artırılması məsələsi ciddi müzakirə mövzusuna çevrilib.

Ədliyyə Nazirliyi bu çətin problemin həlli yolları üzərində işlərini gücləndirib.

“The Washington Post” qəzetinin məlumatına görə, ABŞ hökuməti evsizlərin ruhi xəstəxanalara razılıqları olmadan yerləşdirilməsi imkanlarını araşdırır. Ölkənin müxtəlif bölgələrində evsizlərin qurduğu düşərgələrin ləğv olunması istiqamətində atılan addımlar çərçivəsində, Ədliyyə Nazirliyi yerli hakimiyyət orqanlarına bu məsələnin həlli ilə bağlı suallar yönəldib. Nazirlik bu sahədə daha təsirli tədbirlər görülməsi və sosial xidmətlərin daha səmərəli istifadəsi üçün təkliflər toplayır.

Ədliyyə Nazirliyinin sözçüsü Çad Gilmartin mövzu ilə bağlı açıqlamasında bildirib ki, aparılan araşdırmalar sosial dəstək proqramlarına ayrılan büdcənin azaldılması ilə əlaqəli deyil. Bu tədbirlərin məqsədi, sosial xidmətlərin daha effektiv təşkili və evsizlik probleminin dərinləşməsinin qarşısının alınmasıdır.

Qeyd edək ki, ABŞ-ın Kaliforniya ştatının Lankaster şəhərinin meri, Respublikaçılar Partiyasının üzvü Reks Parris, şəhər şurasında evsizlik problemini müzakirə edərkən verdiyi açıqlama ilə gündəm olub. O, "Evsizlərə pulsuz fentanil vermək istəyirəm. Onlara istədikləri qədər fentanil verəcəyəm" - sözləri ilə kəskin tənqidlərə tuş gəlib.

Belə ki, ABŞ-da 2023-cü ildə narkotik maddələrdən, xüsusilə fentanil kimi sintetik opioidlərdən istifadəyə görə 107 543 nəfərin həyatını itirdiyi bildirilir. Bu ölümlərin 74 702-si bilavasitə fentanil ilə əlaqələndirilib. Son 10 il ərzində isə ABŞ-da 450 min nəfərdən çox insan opioid istifadəsinə bağlı səbəblərdən dünyasını dəyişib, milyonlarla insan bu maddələrə asılı vəziyyətə düşüb.

Digər Kateqoriyalar

2025 © Azervoice