Əsas səhifə » Çin ABŞ təyyarələrindən imtina edir

Çin ABŞ təyyarələrindən imtina edir

BAKI, AzerVoice

Çin, ticarət gərginliyi fonunda Boeing təyyarələrini ABŞ-a qaytarır.

AzerVoice xəbər verir ki, ABŞ-Çin arasında artan ticarət müharibəsi çərçivəsində Çin hökuməti ABŞ-dan aldığı bəzi Boeing təyyarələrini geri göndərmək qərarına gəlib.

Bu addım iki ölkə arasında qarşılıqlı vergi tariflərinin artması ilə bağlıdır.

Boeing şirkətinin baş direktoru Kelli Ortberq CNBC-yə açıqlamasında, bu il Çinə göndərilməsi planlaşdırılan 50 təyyarədən ikisinin artıq geri qaytarıldığını, üçüncüsünün isə qısa zamanda geri göndəriləcəyini bildirib. Ortberq əlavə edib ki, Çinli müştərilər çatdırılmaları qəbul etməkdən imtina edir və bu, şirkətin tədarük planlarını ciddi şəkildə təsir altına salır.

Ticarət qarşıdurması çərçivəsində ABŞ Çin məhsullarına 145 faiz, Çin isə ABŞ mallarına 125 faiz əlavə vergi tətbiq edib. Bu, Boeing kimi ixracat yönümlü şirkətlər üçün ciddi itkilərə səbəb olur.

Ortberq, hələ təhvil verilməmiş 41 təyyarənin digər müştərilərə yönəldilə biləcəyini və istehsala başlamamış 9 təyyarə üçün Çin tərəfinin qərarını gözlədiklərini deyib.
“Tədarük edilməyəcək təyyarələrin istehsalına davam etməyəcəyik” – deyə o vurğulayıb.

Boeing rəhbərliyi Tramp administrasiyası ilə gündəlik əlaqə saxladıqlarını və vəziyyətin gedişatından asılı olaraq danışıqların nəticə verəcəyinə ümid etdiklərini bildirib. ABŞ Maliyyə Naziri Scott Bessent isə Çinlə “böyük ticarət razılaşması” üçün fürsət yarana biləcəyini deyib.

Qeyd edək ki, Boeing şirkəti 2025-ci ilə qədər 737 MAX təyyarələrinin aylıq istehsalını 38 ədədə çatdırmağı planlaşdırır. Lakin təchizat zəncirindəki problemlər və ötən il baş verən işçi tətili bu planlara əngəl yaradıb. Şirkət, həmçinin universal tariflərin Yaponiya və İtaliyadakı təchizatçılarına da təsir etdiyini bəyan edib.

Digər Kateqoriyalar

2025 © Azervoice