Bakı. VOA :
ABŞ Dövlət Departamenti ölkədə yerləşən İsveç mərkəzli Skandinaviya Müqavimət Hərəkatını və onun üç liderini “Xüsusi olaraq müəyyən edilmiş qlobal terrorçu” kimi tanıdığını açıqlayıb.
VOA xəbər verir ki, ABŞ etnik səbəblərdən dolayı zorakılıq təhlükəsinin artmasında narahat olduğunu bildirib.
Bəyanatda ABŞ-ın Skandinaviya Müqavimət Hərəkatını (NRM) avropalı tərəfdaşları ilə məsləhətləşdikdən sonra terror təşkilatı kimi tanımağa qərar verdiyi, hərəkatın və onun üç liderinin “Xüsusi olaraq təyin edilmiş qlobal terrorçular” kimi tanındığı bildirilib.
Bəyanatda təşkilat üzvlərinin siyasi müxalifətçilərə, etirazçılara və jurnalistlərə qarşı şiddətli hücumlar təşkil etdiyi, NRM-nin “bıçaqla döyüş” kimi şiddət ehtiva edən təlimlər təşkil etdiyi vurğulanıb. Həmçinin sözügedən təşkilat Norveç, Danimarka, İslandiya və Finlandiyada şöbələri olan İsveçin ən böyük Neonasist qrupu olaraq göstərilib.
Hərəkat digər Skandinaviya ölkələrində də öz tərəfdarlarını artırmaqla, 2008-ci ildə Finlandiyada və 2011-ci ildə isə Norveçdə öz şöbələrini açıb.
Təşkilatın İsveçdəki əsas üzvlərindən olan Per Öberg 2014-cü ildə Lüdvikada keçirilən yerli seçkilərdə İsveç Demokratlar (SD) partiyasının siyahıdan kənar namizədi kimi seçilərək siyasətə qədəm qoyub.
2015-ci ildə təşkilatın lideri kimi Lund-un yerinə Milli Sosialist Cəbhəsi (NSF) və əvvəllər Xalq Cəbhəsində olan Saymon Lindberq gəlib.
2016-cı ildə özünü “Skandinaviya Müqavimət Hərəkatı” adlandırmağa başlayan təşkilat İsveçin ən fəal ifrat sağ qrupu kimi özünü təsdiqləyib və radikal millətçi mühitdə dominant mövqe tutmağa davam edir.
Skandinaviya Müqavimət Hərəkatı 2018 və 2022-ci illərdə keçirilən ümumi seçkilərdə iştirak etməsinə baxmayaraq heç bir yer qazana bilməyib.
İsveç Ədliyyə Nazirliyinə bağlı Milli Cinayətin Qarşısının Alınması Şurasının (Bra) 2021-ci ildə dərc etdiyi son hesabata görə, ölkədəki nifrət cinayətlərinin 55 faizi irqçilik, 17 faizi isə dini zəmində baş verir.
Dini qruplara qarşı bütün nifrət cinayətlərinin 51 faizi islamofob, 27 faizi antisemitizm, 11 faizi antixristian, 11 faizi isə digər qruplara qarşı törədilib.Antisemit nifrət cinayətləri əsasən sosial şəbəkələrdə və ictimaiyətə açıq mənbələrdə törədildiyi halda, islamofob məzmunlu cinayətlər əsasən təqib və təxribat hərəkətləri ilə müşahidə edilir.
Qeyd edək ki, Müsəlmanlara qarşı nifrət cinayətlərində 38 faizi qadınlar, 22 faizi isə kişilər hədəf alınır. Həmçinin bu cinayətlərin 31 faizində fərdlər deyil, qruplar hədəfə alınıb.