Bakı. AzerVoice :
Avstraliya və Sloveniya Qəzza zolağının sakinlərinə humanitar yardım almaq üçün əlavə vəsait ayıracaq.
AzerVoice -in məlumatına görə, bu barədə Avstraliya xarici işlər naziri Penni Vonq və Sloveniyanın Baş naziri Robert Qolob mətbuata bildiriblər.
Avstraliya əlavə 6,6 milyon dollar, Sloveniya hökuməti isə Birləşmiş Millətlər Təşkilatının müxtəlif proqramları vasitəsilə iki yarım milyon avro ayırmağa qərar verib.
P.Vonq qeyd edib ki, Kanberra bu günə qədər Fələstin anklavının əhalisi üçün ərzaq, su və zəruri malların alınması üçün 47 milyon dollardan çox vəsait ayırıb və bölgəyə əlavə dəstək verməyə hazırdır. Məlumata əsasən, o, Qəzza zolağının əhalisinə humanitar yardım göstərmək məqsədilə İordaniyada keçirilən yüksək səviyyəli beynəlxalq konfransda iştirak edir.
"Vəsait Qəzzada aclıqla üzləşən mülki şəxslərə ərzaq yardımı çatdırmaq üçün Ümumdünya Ərzaq Proqramına gedəcək", - deyə o bildirib .
Sloveniya Mətbuat Agentliyi isə onu da qeyd edib ki, ölkə hakimiyyəti BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) 1 milyon avro ayıracaq. Daha 1 milyon BMT-nin Ümumdünya Ərzaq Proqramına, 500 min avro isə Yaxın Şərq münaqişə zonasında humanitar proqramlarda iştirak edən Sloveniya təşkilatlarına ayrılacaq.