BAKI,AzerVoice
Energetika Nazirliyində növbəti enerji auditoru ixtisası attestatının təqdim olunması məqsədilə görüş keçirilib.
AzerVoice xəbər verir ki, görüşdə iştirak edən energetika nazirinin müavini Elnur Soltanov “MSN Enerji Xidmətləri” MMC-nin nümayəndəsi Ağaliyev Nicat Namiq oğluna binalarda (qurğularda) enerji auditinin həyata keçirilməsi üzrə ixtisas attestatını təqdim edib.
Nazir müavini enerji auditlərinin enerji səmərəliliyinin artırılmasında və enerjidən daha səmərəli istifadə yollarının müəyyənləşdirilməsində mühüm rolunu vurğulayıb. Eyni zamanda, iştirakçılar qanunvericiliyin tələbləri, attestasiyadan keçmiş auditorların bu tələblərin icrasındakı rolu, məcburi enerji auditi subyektləri üzrə mövcud proseslər və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparıblar. Nicat Ağaliyevə gələcək fəaliyyətində uğurlar arzulanıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunundan irəli gələn tələblərə uyğun olaraq 18-19 dekabr tarixlərində təsərrüfat subyektlərində və binalarda enerji auditinin həyata keçirilməsi ixtisas kateqoriyaları üzrə növbəti attestasiya keçirilib. Hər iki ixtisas kateqoriyası üzrə ümumilikdə beş nəfərin iştirak etdiyi attestasiyalarda yalnız bir nəfər – Ağaliyev Nicat Namiq oğlu uğur qazanaraq ixtisas attestatına layiq görülüb.