Bakı, AzerVoice
SpaceX kapsulu dörd astronavtı Beynəlxalq Kosmik Stansiyaya çatdırıb.
AzerVoice xəbər verir ki, bu barədə NASA məlumat verib.
Belə ki, SpaceX-in Crew Dragon kapsulu bazar günü səhər Beynəlxalq Kosmik Stansiyaya (BKS) uğurla yan alıb. Məlumata görə uçuş müddəti 29 saat təşkil edib.
Bu missiya NASA astronavtları Butç Uilmor və Suni Uilyamsın Yerə qayıtmasını təmin edəcək.
BKS-ə yeni gələn Crew-10 heyətinə NASA astronavtları Enn MakKleyn və Nikol Ayers, yaponiyalı astronavt Takuya Onişi və rusiyalı Kirill Peskov daxildir. Bu ekipajın gəlişi ilə Butç Uilmor, Suni Uilyams, Nik Heyq və rusiyalı Aleksandr Qorbunov Yerə qayıtmağa hazırlaşır.
NASA rəsmisi Stiv Stiç astronavtların Yerə qayıtmasını sevindirici hadisə kimi qiymətləndirib və onların əla iş gördüklərini bildirib. Missiyanın uğurla tamamlanması üçün hava şəraiti nəzərə alınacaq və əlverişsiz olduqda uçuş bir qədər gecikə bilər.
Xatırladaq ki, Butç Uilmor və Suni Uilyams əslində cəmi 8 gün qalmaq üçün keçən ilin iyununda BKS-ə göndərilmişdilər. Lakin "Starliner" kapsulunda baş verən texniki nasazlıq səbəbilə NASA risk almamaq üçün onların Yerə qayıtmasını SpaceX-in Crew Dragon kapsulu ilə həyata keçirməyi qərara aldı.