BAKI,AzerVoice, Fərid Mikayılov
Səudiyyə Ərəbistanı, Misir, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, Pakistan, Türkiyə və Qətər cümə günü yaydıqları birgə bəyanatda İsrail rəsmilərinin Rəfah sərhəd-keçid məntəqəsinin birtərəfli qaydada açılması və Qəzza sakinlərinin Misirə yönləndirilməsi barədə açıqlamalarından dərin narahatlıq duyduqlarını bildiriblər.
AzerVoice xəbər verir ki, səkkiz ölkənin xarici işlər nazirləri bəyanatda fələstinlilərin öz torpaqlarından köçürülməsi cəhdlərinin tamamilə rədd edildiyini vurğulayıblar.
Nazirlər ABŞ Prezidenti Donald Trampın planına tam əməl olunmasının vacibliyini qeyd ediblər. Bu plan Rəfah keçidinin iki istiqamətdə açılmasını, hərəkət azadlığının təmin edilməsini və Qəza sakininin öz istəyi olmadan bölgəni tərk etməyə məcbur edilməməsini nəzərdə tutur.
Bəyanatda bildirilib ki, fələstinlilərin öz torpaqlarında qalmasını təmin edən şərait yaradılmalı, onların vətənlərinin yenidən qurulmasında iştirakına imkan verilməlidir. Bu, bölgədə sabitliyin bərpası və humanitar vəziyyətin yaxşılaşdırılması üçün inteqrasiya olunmuş yanaşmanın bir hissəsi kimi dəyərləndirilir.
Nazirlər Trampın bölgədə sülhün qurulmasına sadiqliyini yüksək qiymətləndirib, planın irəli aparılmasının və tələblərinin gecikmədən icra olunmasının regional təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi üçün vacib olduğunu bildiriblər.
Nazirlər öz ölkələrinin BMT Təhlükəsizlik Şurasının 2803 saylı qətnaməsi və digər müvafiq sənədlərin tam icrasını təmin etmək üçün ABŞ-la və regional, beynəlxalq tərəfdaşlarla əməkdaşlığı davam etdirməyə hazır olduqlarını qeyd ediblər.
Sonda bildirilib ki, məqsəd beynəlxalq hüquqa və iki dövlətli həll prinsipinə uyğun olaraq 4 iyun 1967-ci il sərhədləri çərçivəsində, Qəza və İordan çayının qərb sahili daxil olmaqla, paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılmasına yol açan ədalətli və davamlı sülhün təmin edilməsidir.
