BAKI, AzerVoice, Orxan Qədirzadə
Suriyanın keçmiş prezidenti Bəşşər Əsədin sabiq kəşfiyyat rəisi və milyarder qohumu Moskvadakı sürgündən ölkədə yeni qiyamlar təşkil etməyə çalışmaqda ittiham olunur. Kütləvi İnformasiya Vasitələrinin araşdırmasına görə, onlar on minlərlə potensial döyüşçünü maliyyələşdirərək Alavit icması üzərində nəzarəti bərpa etməyə cəhd edirlər.
AzerVoice-un məlumatına görə, Əsədin keçmiş hərbi kəşfiyyat rəhbəri general Kəmal Həsən və milyarder qohumu Rami Məxlüf sahil bölgələrində və Livanda Alavit döyüşçülərdən ibarət silahlı dəstələr formalaşdırmağa çalışır. Onların şəbəkəsinə on minlərlə nəfərin cəlb olunduğu, maaşların həm Rusiya, həm də Livan üzərindən ödənildiyi bildirilir.
Sənədlər və şahid ifadələri göstərir ki, bu qruplar Əsəd dövründə sahil xətti boyunca qurulmuş gizli komanda otaqları və silah anbarlarına nəzarət uğrunda da rəqabət aparır. Tartus qubernatoru Əhməd əş-Şami gizli şəbəkənin mövcudluğunu təsdiqləyib, lakin “xeyli zəiflədiyini” və ciddi təhlükə yaratmadığını iddia edib.
Həsən və Məxlüf Rusiya ərazisindən fəaliyyət göstərsələr də, Moskva onların planlarına açıq dəstək vermir. Rusiya rəsmilərinin prioritetinin hələ də Suriyanın sahil bölgəsindəki hərbi bazalara çıxışı qorumaq olduğu bildirilir.
Suriya hökuməti isə Alavitlərin narazılığını yatırmaq və bu cəhdlərin qarşısını almaq üçün prezident Əhməd əş-Şəraa-nın uşaqlıq dostu, keçmiş hərbi lider Xaled əl-Əhmədi ön plana çıxarıb. O, Alavitdəki keçmiş hərbçiləri və mülki şəxsləri “yeni Suriya ilə əməkdaşlığa” inandırmaq missiyasını daşıyır.
Mənbələrə görə, hökumət son aylarda Məxlüf və Həsənlə əlaqəli onlarca şəxsi həbs edib, sahil bölgəsində sui-qəsd və təxribat planlarının qarşısını aldıqlarını açıqlayıb. Bununla belə, Alavit icması daxilində narazılıq və etimad böhranının davam etdiyi qeyd olunur.
Ekspertlər xəbərdarlıq edirlər ki, sürgündəki Əsədçilərin bu cəhdləri uğurlu olmasa belə, yeni Suriyada onsuz da kövrək olan təhlükəsizlik və məzhəb balansını daha da sarsıda bilər.