Əsas səhifə » İordaniya Suriyaya elektrik enerjisi tədarükünü artıracaq

İordaniya Suriyaya elektrik enerjisi tədarükünü artıracaq

BAKI, AzerVoice

İordaniya ABŞ-ın Dəməşqə qarşı sanksiyaları ləğv etməsi fonunda Suriyaya elektrik enerjisi tədarükünü artırmaq niyyətindədir.

AzerVoice xəbər verir ki, bu barədə İordaniyanın Energetika və Faydalı Qazıntılar naziri Saleh əl-Xərəbşe məlumat verib.

“Birinci mərhələdə Suriyaya elektrik təchizatı 250–300 meqavat həcmində artırılacaq. Bu, yüksək gərginlikli elektrik xətlərindəki zədələnmiş hissələrin təmiri nəticəsində mümkün olacaq” - deyə, nazir bildirib.

Onun sözlərinə görə, həmçinin, Ərəşdəki Misir yatağından çıxan təbii qazın İordaniya ərazisindən keçməklə Hums vilayətində yerləşən “Rayyan” qazpaylayıcı stansiyasına nəqli üçün istifadə edilən “Arab Gas Pipeline” kəməri ilə qaz tədarükünün artırılması barədə razılıq əldə olunub.

Suriyanın energetika naziri öz növbəsində bildirib ki, Yarmuk sərhəd çayı hövzəsi üzrə saziş də daxil olmaqla, su ehtiyatları ilə bağlı ikitərəfli razılaşmaların yenidən gözdən keçirilməsi üçün texniki komitələr yaradılıb.

“Enerji sahəsində əməkdaşlığa dair əhatəli fəaliyyət planı hazırlanıb. İordaniya Suriya tərəfi ilə bərpa olunan enerji və neft məhsullarının saxlanması sahəsindəki təcrübəsini paylaşacaq və Suriyaya dörd günəş elektrik stansiyası təqdim edəcək” - deyə, o vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Dünya Bankı Suriya ilə İordaniya arasında elektrik ötürücü xətlərin bərpası üçün 146 milyon dollar ayırdığını açıqlayıb. Dünya Bankının Yaxın Şərq üzrə departament direktoru Jan-Kristof Karre bu layihəni suriyalıların həyat şəraitinin yaxşılaşdırılması baxımından ən təxirəsalınmaz təşəbbüslərdən biri adlandırıb.

Digər Kateqoriyalar

2025 © Azervoice