Əsas səhifə » İran ABŞ-ın ölkəyə yenidən hücum edəcəyi təqdirdə daha ağır zərbələr endirəcək - Parlament

İran ABŞ-ın ölkəyə yenidən hücum edəcəyi təqdirdə daha ağır zərbələr endirəcək - Parlament

BAKI, AzerVoice

İran ABŞ-ın ölkəyə qarşı yenidən hərbi əməliyyat həyata keçirməsi halında, Amerika hədəflərinə qarşı daha ağır zərbələr endirəcək.

AzerVoice xəbər verir ki, bu barədə İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin üzvü Əhməd Əcam açıqlama verib.

“Ölkəmizin cavab olaraq həyata keçirdiyi “Qələbə müjdəsi” əməliyyatı ABŞ-ın hərəkətlərinə mütənasib idi. Biz onların davranışını izləyirik. Əgər onlar yenidən torpağımıza hücum etməyə cəsarət etsələr, əməliyyatların miqyası genişlənəcək. Bizim daha böyük və daha mühüm hədəflərimiz var” - deyə, parlametin mətbuat xidməti onun sözlərini sitat gətirib.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.

Bu hücumlara cavab olaraq isə İran Ordusu İsrailə qarşı "Doğru vəd III" adlı əməliyyat keçirib. Təl-Əviv, Qüds və digər bölgələrə yüzlərlə ballistik raket buraxılıb.

ABŞ isə münaqişənin gərginləşməsindən doqquz gün sonra – 22 iyun gecəsi İrandakı üç nüvə obyektinə hücum etməklə münaqişəyə qoşulub. 23 iyun axşamı İran ABŞ-ın Qətərdə yerləşən və Yaxın Şərqin ən böyük Amerika bazası olan Əl-Udeyd bazasına raket zərbəsi endirib. ABŞ hakimiyyət orqanlarının verdiyi məlumata görə, hücum nəticəsində itki qeydə alınmayıb, ciddi dağıntı da olmayıb.

ABŞ prezidenti Donald Trampın bəyanatına əsasən, İsrail və İran tam atəşkəsə razılıq veriblər. İsrail hakimiyyəti ABŞ-ın təklifini qəbul etdiyini və qarşıya qoyulan bütün məqsədlərə nail olunduğunu bəyan edib.

Digər Kateqoriyalar

2025 © Azervoice