BAKI, AzerVoice
İran İsrailə qarşı zərbələrini davam etdirəcək.
AzerVoice xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) verdiyi açıqlamada deyilir.
“Bu gün səhər saatlarında cinayətkar Amerika rejimi sionist rejimlə tam koordinasiyada, İran İslam Respublikasının nüvə obyektlərinə misilsiz və görünməmiş bir hücum həyata keçirərək, açıq şəkildə cinayət və təcavüz aktı törətmişdir. Bu cinayətlərə cavab olaraq, artıq 20 hücum dalğasını yaşamış sionist rejimə qarşı ‘Həqiqi vəd – 3’ əməliyyatı davam edəcək. Bu əməliyyatlar qətiyyətli şəkildə İsrail rejiminin infrastrukturu, strateji obyektləri və maraqlarına qarşı həyata keçiriləcək” - deyə, açıqlamada bildirilib.
SEPAH həmçinin bildirib ki, ABŞ-ın Fordo, Nətənz və İsfahan şəhərlərindəki nüvə obyektlərinə hücumuna sarsıdıcı və peşmanlıq doğuracaq bir cavab veriləcək.
Bununla yanaşı, açıqlamada qeyd olunub ki, ABŞ-ın bölgədəki hərbi bazalarının sayına, yerləşməsinə və ölçüsünə baxmayaraq, bu obyektlər ciddi şəkildə həssas və zəifdir.
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.
Bu hücumlara cavab olaraq isə İran Ordusu İsrailə qarşı "Həqiqi vəd III" adlı əməliyyat keçirib. Təl-Əviv, Qüds və digər bölgələrə yüzlərlə ballistik raket buraxılıb.
Xatırladaq ki, ABŞ Hərbi Hava Qüvvələri iyunun 22-ə keçən gecə İran ərazisində yerləşən Fordo, Nətənz və İsfahan nüvə obyektlərinə hava zərbələri endirib. Hücum nəticəsində hər üç nüvə obyektinin məhv edildiyi qeyd olunub.