Bakı. VOA:
Yəməndə İran tərəfindən dəstəklənən husilər Qırmızı dəniz və Ərəbistan dənizində iki gəmini və bir ABŞ esminesini raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə vurduqlarını bildirib.
VOA xəbər verir ki, Husilərin "Əl-Məsira" televiziya kanalına danışan Hərbi mətbuat katibi Yəhya Seri, "Qırmızı dəniz və Ərəbistan dənizində üç hərbi əməliyyat həyata keçirdik" - deyə bildirib.
Qırmızı dənizdə ABŞ-a aid bir esminesin ballistik raketlərlə, “Kapitan Paris” adlı gəminin isə dəniz raketləri ilə hədəf alındığını qeyd edən Seri, Ərəbistan dənizində “Happy Condor” adlı gəminin İHA-larla vurulduğunu qeyd edib.
Husilərin sözçüsü əlavə edib ki, Qəzza zolağına hücumlar bitənə və bölgədəki blokada aradan qalxana qədər hücumlar davam edəcək.
Qeyd edək ki, Yəməndə İranın dəstəklədiyi husilər 31 oktyabr 2023-cü il tarixindən etibarən İsrailin Qəzzaya hücumlarına cavab olaraq İsrail şirkətlərinə bağlı ticarət gəmilərini Yəmən sahillərində ələ keçirir və bəzilərinə PUA-lar və raketlərlə hücumlar təşkil edir.
Husilərin bu hücumlarından sonra bir çox gəmiçilik şirkəti Qırmızı dənizdəki səfərlərini dayandırmaq qərarına gəlib.
ABŞ qlobal dəniz ticarətinin təhlükə altında olduğunu əsas gətirərək 18 dekabr 2023-cü il tarixində bir qrup ölkənin iştirakı ilə Husi qüvvələrinə qarşı "Rəfahın Mühafizəçisi Əməliyyatı" adlı çoxmillətli "dəniz işçi gücü" yaradıldığını açıqladı.
Həmçinin onun da əlavə edək ki, ABŞ və İngiltərənin Yəməndə nəzarəti altında olan bölgələrə hücumlarından sonra husilər bu iki ölkənin bütün gəmilərini hədəf alacaqlarını bildirmişdi.