BAKI,AzerVocie Analitik Təhlil Mərkəzi
İsrailin müdafiə naziri Yisrael Kats son günlərdə artmaqda olan, ordu əsgərləri və polis qüvvələrinə qarşı törədilən məskunlaşmaçı zorakılığına son qoyacağına söz verib. Bu zorakılıqlar birbaşa fiziki hücumlarla yanaşı, İordan çayının qərb sahilində – Ramallahda yerləşən mühüm bir hərbi obyektin yandırılmasını da əhatə edib.
Bu hücumlara görə əsas ittihamlar Noar HaGva'ot (Təpə Gəncləri və ya Təpələrin Gəncləri)" adlı qruplaşmaya yönəlib. Bu təşkilat İordan çayının qərb sahilində fələstinlilərə qarşı hücumlara rəhbərlik edən ən önəmli radikal məskunlaşmaçı hərəkat sayılır və həmin zorakılıqları həyata keçirən israilli əsgərlərə və polis əməkdaşlarına hücum edənlər də onlardır.
Noar HaGva'ot qrupu 1998-ci ildə, Benyamin Netanyahunun birinci hökumətində energetika naziri olmuş Ariel Şaronun sülh prosesinə qarşı çıxaraq dağların və təpələrin ələ keçirilməsi çağırışından sonra ortaya çıxıb.
Yisrael Kats məskunlaşmaçıların orduya qarşı zorakılığı fonunda Mərkəzi Hərbi Dairə komandiri, Yəhuda və Samariyadakı (İordan çayının qərb sahili üçün sionist termin) polis qüvvələrinin rəhbəri və digər təhlükəsizlik rəsmilərinin iştirakı ilə təcili toplantı keçirib. İsrailin "Yediot Aharonot" qəzeti çərşənbə axşamı Katsın iclasda dediyi sözləri belə nəql edib: “Bu cür ciddi insidentlərə icazə verməyəcəyik və onlara qarşı güzəşt göstərilməyəcək.”
İsrailin müdafiə naziri əlavə edib ki, : “Bu məsələ ilə əlaqədar koordinasiyalı tədbirlər görmək məqsədilə polis rəhbərliyi, İsrail Müdafiə Qüvvələri və daxili təhlükəsizlik xidməti (Şin Bet) tərəfindən birgə fəaliyyət göstərəcək yeni qurum yaradılacaq.”
Yisrael Kats uzun müddətdir ki, məskunlaşmaçıların fələstinlilərə qarşı hücumlarını “terror” kimi görmür və sələfi Yoav Qalantın hücum edənlərə qarşı inzibati həbslər tətbiq etmə qərarını ləğv etmişdi.
Son həftədə məskunlaşmaçılar israilli əsgərlərə bir neçə dəfə hücum ediblər. İsrailin dövlət yayım orqanı “KAN” xəbər verib ki, qərb sahilindəki hərbi obyektin yandırılması zamanı hadisə yerində israilli əsgərlərdən qisas alınacağına dair şüarlar yazılıb. Bunu edənlər isə ərəblər yox məhz Noar HaGva'ot qruplaşmasına üzv olan yəhudi gənclərdir.
Baş nazir Benyamin Netanyahu isə hadisələrin araşdırılması və hücum edənlərin cəzalandırılması çağırışı edərək bildirib: “Zorakılıq edən bir ovuc adamın bütün cəmiyyətin imicini korlamasına imkan verməyəcəyəm.”
İsrailin “Haaretz” qəzeti isə bu hücumları şərh edərək bildirib ki, “İsrailin təhlükəli ikili standart siyasəti üzə çıxır.” Qəzetin fikrincə, “səlahiyyətlilər keçən həftə məskunlaşmaçılar tərəfindən fələstinlilərə qarşı həyata keçirilmiş qanlı hücumu qınamadıqları halda, əsgərlərə qarşı hücumu dərhal pislədilər.”
“Haaretz” yazır: “Cəzasızlıq rejimi məskunlaşmaçıların toxunulmazlıq hissini daha da gücləndirib. Nəticədə, onlar artıq israilli əsgərlərə belə hücum etməkdən çəkinmirlər. Noar HaGva'ot təşkilatının zorakılığı isə İsrailin siyasi səviyyəsində dolayı dəstək alır.”
Noar HaGva'ot... və digər radikal təşkilatlar
“Noar HaGva'ot” təşkilatı fələstinlilərə qarşı hücumlara rəhbərlik edən ən tanınmış radikal yəhudi qruplaşmadır. Onlar 1998-ci ildə Benyamin Netanyahunun birinci hökumətində energetika naziri olmuş Ariel Şaronun məşhur çağırışından sonra – qərb sahilində dağ və təpələrin işğalı ideyasına əsasən meydana çıxıblar.
Bu təşkilata rəhbərlik edən əsas şəxslər arasında Avri Ran, Meir Bartler və İti Zar yer alır. Qrupun üzvlərinin çoxu qoyunçuluq və ya kənd təsərrüfatı ilə məşğul olur. Onların böyük hissəsi qərb sahilindəki məskunlaşmalardan, digərləri isə İsrailin iri şəhərlərindən gəlmədir. Bu təşkilat hər hansı rəsmi siyasi partiyaya bağlı deyil.
Üzvləri qərb sahilindəki müxtəlif qanunsuz yaşayış məntəqələrində yaşayır və oradan çıxaraq yaxınlıqdakı fələstin kəndlərinə hücum edirlər. Son onilliklər ərzində fələstinlilərə qarşı həyata keçirilmiş hücumların əksəriyyəti bu təşkilat tərəfindən törədilib. Bu hücumlara qətl hadisələri, ibadət yerlərinin (məscid və kilsələrin), evlərin və əkin sahələrinin yandırılması da daxildir.
Keçən il ABŞ prezidenti Co Baydenin administrasiyası Noar HaGva'ot və digər qrupları radikal və zorakı təşkilatlar kimi təsnif edərək onlara qarşı sanksiyalar tətbiq etmişdi. Bu qruplar dəfələrlə fələstinlilərə hücum etmiş və onların evlərini, mülklərini dağıtmışdılar.
ABŞ-ın sanksiyaları 8 ayrı mərhələdə 17 fərd və 16 təşkilatı əhatə edib. Sanksiya tətbiq edilənlər arasında fələstinlilərə qarşı zorakı hücumlarda iştirak etmiş və qanunsuz yaşayış məntəqələri salmış məskunlaşmaçılar yer alır.
Baydenin tətbiq etdiyi sanksiyalar həmçinin radikal liderlərə və fəallara da şamil olunub. Bunlara Şabtai Koşlovski, İtmar Yehuda Levi, Zohar Sabah, Eytan Jordani, Avihay Svissa və digərləri daxildir. Habelə İsraildəki ən böyük radikal təşkilatlardan biri olan “Lehava” və əsas məskunlaşma hərəkatı qurumu olan “Amana” da bu siyahıya daxil edilib.
Lakin ABŞ-ın sabiq prezidenti Donald Tramp hakimiyyətə gəldikdən sonra Co Baydenin tətbiq etdiyi bu sanksiyaları ləğv edən fərman imzalayıb.
2024-cü ilin iyun ayında isə Böyük Britaniya, Kanada, Avstraliya, Yeni Zelandiya və Norveç – İsrailin təhlükəsizlik naziri İtmar Ben Qvir və maliyyə naziri Betsalel Smotriçə qarşı qadağalar və sanksiyalar tətbiq edəcəklərini açıqlayıblar. Onların bu qərarı fələstinlilərə qarşı zorakılığı təşviq etdiklərinə görə verilib.
Bundan əvvəl Böyük Britaniya iki qanunsuz yaşayış məntəqəsinə və üç məskunlaşmaçıya qarşı sanksiya tətbiq etmişdi. Onlardan biri, radikal məskunlaşmaçıların “anası” kimi tanınan Daniella Vaysdır. O, Noar HaGva'ota ilham verən və “Nahala” adlı təşkilatın rəhbəri kimi tanınır.
Digər ekstremist təşkilatlar
Noar HaGva'ota ilə yanaşı, bir sıra digər radikal təşkilatlar da mövcuddur. Fələstin Milli İnformasiya Mərkəzinin məlumatına görə, bu təşkilatların arasında ən mühümlərindən biri 2005-ci ildə yaradılmış “Nahala” hərəkatıdır. Onlar əsas diqqəti mövcud məskunlaşmaların genişləndirilməsinə və yeni qanunsuz yaşayış məntəqələrinin qurulmasına yönəldiblər.
1979-cu ildə qurulmuş “Aman” hərəkatı əsasən yeni məskunlaşmaların salınması və mövcud olanların inkişaf etdirilməsi ilə məşğuldur.
2008-ci ilin iyun ayında “Qiymət ödəmə” və ya “Əvəz çıxma” kimi tanınan hərəkat isə radikal lider Gerşon Mesika tərəfindən yaradılıb. Bu təşkilat, fələstinlilərin öldürülməsi və ya işğal olunmuş ərazilərdən qovulması ideologiyasını yayır.
Ən təhlükəli qruplaşmalardan biri isə “Üsyan təşkilatı”dır. Bu təşkilat HaGva'otdan ayrılmış və daha ekstremist bir hərəkatdır. Onun lideri radikal ravvin Meir Kahananın nəvəsi Meir Ettingerdir. Bu təşkilata 16-25 yaş arasında olan gənclər diqqətlə seçilərək cəlb olunur və gizli şəkildə görüşlər keçirirlər. Onlar Nablusun cənubundakı Duma kəndində “Duvabşa ailəsinin yandırılması” cinayətinə görə məsuliyyət daşıyırlar.
“Nitsax Yehuda” batalyonu: Ordu daxilində dini radikalizm
Digər bir təhlükəli qurum isə İsrail ordusunun “Kfir briqadası”na tabe olan “Nitsax Yehuda” hərbi batalyonudur. Bu birləşmə 1999-cu ildə yaradılıb və faktiki olaraq dini liderlərin nəzarətində olan silahlı milis rolunu oynayır. Onun əsgərləri mütəmadi olaraq ravvinlər və məskunlaşma liderləri tərəfindən ziyarət olunur, onlara dini və ideoloji təlimlər keçirilir.