BAKI,AzerVoice
Bayraktar TB3 Pilotsuz Uçuş Aparatı (PUA) dünyanın qısa uçuş zolağına sahib olan gəmisindən tam avtomatik qalxma və eniş edən ilk PUA olaraq tarix yazıb.
AzerVoice xəbər verir ki, TCG Anadolu gəmisində davam edən sınaqlarda PUA 100-cü uçuş sortisini də uğurla başa vurub.
Son sınaqlarda görüntü əsaslı süni intellekt dəstəyi ilə tam avtomatik qalxma və eniş sistemləri də testdən keçirildi.
Baykar şirkəti tərəfindən hazırlanmış Bayraktar TB3 PUA, TCG Anadolu gəmisindəki test fəaliyyətlərində daha bir mühüm mərhələni geridə qoyub. Dünyada ilk dəfə qısa uçuş zolağına sahib bir gəmidən tam avtomatik qalxma və eniş edə bilən Bayraktar TB3, TCG Anadolu gəmisində həyata keçirilən sınaqlarda ümumilikdə 100 dəfə gəmidən qalxma və enişi uğurla tamamladı.
28 may – 2 iyun tarixləri arasında TCG Anadolu gəmisində keçirilən son sınaqlarda Bayraktar TB3-ün görüntü əsaslı süni intellekt dəstəyi ilə tam avtomatik qalxma və eniş qabiliyyəti də sınaqdan keçirildi. Bu çərçivədə vizual xətt izləmə, gəmi aşkarlama, uçuş zolağı aşkarlama və yer müşahidəsi ilə eniş bucağının hesablanması kimi vacib imkanlar test edildi. Sınaqları uğurla tamamlayan PT-3 və PT-4 nömrəli Bayraktar TB3 PUA-lar, Muğlanın Aksaz sahillərindən Keşandakı Baykar Uçuş Təlim və Test Mərkəzinə uçaraq qayıtdılar.
Bayraktar TB3 PUA, TCG Anadolu gəmisindəki sınaqlar nəticəsində 101-ci uçuşunu da reallaşdırdı və indiyədək bütün sınaq uçuşlarında ümumilikdə 1167 saat 8 dəqiqə havada qaldı. Milli PUA-nın test proqramındakı toplam uçuş sayı isə 709-a çatdı. 20 dekabr 2023-cü ildə keçirilən uzunmüddətli uçuş testində Bayraktar TB3, fasiləsiz 32 saat uçaraq 5 min 700 km məsafə qət edib.
14 may 2025-ci ildə keçirilən DENİZKURDU-2025 təliminin müşahidə günü Bayraktar TB3 PUA, TCG Anadolu gəmisindən havaya qalxaraq Roketsan istehsalı MAM-L sursatları ilə quru hədəflərinə qarşı ikili atışı dəqiq həyata keçirib. Təlim öncəsi gəmiyə yerləşdirilən SİHA-lar 22-25 aprel 2025-ci ildə Saros Körfəzində uğurlu sınaqlar reallaşdırıb. 11 mayda isə ASELFLIR-500 və ASELSAN CATS elektro-optik sistemləri ilə təchiz edilmiş MAM-L sursatları ilə dəqiq atışlar icra edilib.
Bütün layihələrini öz vəsaiti ilə reallaşdıran Baykar şirkəti, 2003-cü ildən bəri əldə etdiyi gəlirin 83 faizini ixracatdan qazanıb. 2023-cü ildə 1,8 milyard dollarlıq ixracatla Türkiyədə ən çox ixrac edən ilk 10 şirkət arasına daxil olub. Dünya PUA ixracat bazarında lider olan Baykar, 2024-cü ildə də ixracat payını artıraraq gəlirinin 90 faizini ixracatdan əldə edib və 1,8 milyard dollarlıq ixracata imza atıb.









