BAKI, AzerVoice, Nailə Babazadə
Suriya Gömrük və Sərhəd İdarəsinin rəsmisi Əhməd Alluş, Bəşər Əsəd rejiminin devrilməsindən sonra sərhəd-keçid məntəqələrində aparılan modernləşmə işləri, narkotiklərlə mübarizə, eləcə də ölkənin ixrac-idxal potensialı barədə “Anadolu” agentliyinə müsahibə verib.
AzerVoice xəbər verir ki, Alluş bildirib ki, Türkiyə “azadlıqdan bu yana” Suriyaya göstərdiyi davamlı dəstək üçün minnətdarlıqla xatırlanır. Onun sözlərinə görə, iki ölkə arasında ticarət, nəqliyyat və sərhəd idarəçiliyi sahələrində sıx əməkdaşlıq aparılır.
“Türkiyənin Ticarət Nazirliyi, Nəqliyyat və İnfrastruktur Nazirliyi, həmçinin miqrasiya və sərhəd orqanları ilə hər həftə toplantılar keçiririk. Problemlər dərhal müzakirə olunur və ortaq həll yolları tapılır. Avqustda İstanbulda imzalanan tranzit daşımacılıq sazişi çərçivəsində yeni tətbiqlər başlanır. Noyabr ayında yük daşımalarında ‘aktarma sistemi’ tamamilə dayandırılacaq,” – deyə Alluş bildirib.
Rəsmiyə görə, suriyalı sürücülərin vizaları Hələbdəki Türkiyə konsulluğundan 10 gün ərzində veriləcək. Türk sürücülər isə viza prosedurunu birbaşa sərhəd-keçid məntəqəsində həyata keçirə biləcəklər.
Alluş həmçinin qeyd edib ki, ikili vətəndaşlığa malik suriyalıların Suriya nömrə nişanlı avtomobilləri ilə Türkiyəyə girişinə icazə verən ilkin qərar qəbul edilib və yaxın zamanda bu tətbiq reallaşdırılacaq.
Suriya nəqliyyat donanmasının yenilənəcəyini vurğulayan Alluş bildirib ki, gələcəkdə suriyalı sürücülərin Türkiyə üzərindən Rusiya, Gürcüstan, Ukrayna, Avropa və Körfəz ölkələrinə quru yolu ilə çıxışı təmin ediləcək.
Türkiyə rəsmiləri ilə demək olar ki, hər həftə görüşdüklərini deyən Alluş, yaranan problemlərin qarşılıqlı dialoq və mövcud imkanlar çərçivəsində tez bir zamanda həll olunduğunu qeyd edib.
“Türkiyəli qardaşlarımız imkanları çərçivəsində Suriyaya dəstək göstərməkdə davam edirlər. Onlara minnətdarlığımızı bildiririk,” – deyə o əlavə edib.
Alluş, həmçinin Dəməşq Beynəlxalq Hava Limanında yeni radar sistemlərinin quraşdırıldığını və bu sayədə təyyarələrin gecə vaxtı da eniş və qalxış edə biləcəyini bildirib.
Humanitar yardım karvanlarının Türkiyə üzərindən problemsiz şəkildə keçdiyini qeyd edən Alluş, Suriya xalq hərəkatının başladığı gündən bəri Ankara tərəfindən bu sahədə mühüm asanlıqlar yaradıldığını vurğulayıb.