BAKI, AzerVoice
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Hindistanla atəşkəsin əldə olunmasında göstərdikləri rol üçün Türkiyəyə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana xüsusi təşəkkürünü bildirib.
AzerVoice xəbər verir ki, bu barədə Şərifin verdiyi açıqlamada deyilir.
O həmçinin, Türkiyə Prezidenti ilə yanaşı ərəb ölkələrinin liderlərinə də öz təşəkkürlərini bildirib.
“Qardaşlarım Rəcəb Tayyib Ərdoğan, Məhəmməd bin Salman, Məhəmməd bin Zayed və Təmim bin Həməd – hamısı bu çətin zamanda bizə güc verdilər” – deyə, o qeyd edib.
Şərif xalqa müraciət edərək çıxış edərkən Hindistanla yaşanan gərginliklərə də toxunub.
“Su ehtiyatlarının paylaşımı və Cammu-Kəşmir də daxil olmaqla bütün məsələlərin ədalət prinsipləri əsasında dinc yolla həll olunacağına dair tam inamımız var” - deyə, o bildirib.
"Pakistan məsuliyyətli bir dövlət olaraq regional sülhün və öz xalqının həyatının qorunması naminə atəşkəsə müsbət cavab verib" - deyə, o əlavə edib.
Şərif Hindistanın təcavüzünə onun anlayacağı dildə və güc yolu ilə cavab verdiklərini bildirib.
“Saatlar içində ordumuz düşmənin silahlarını elə bir şəkildə susdurdu ki, tarix bunu yadda saxlayacaq. Cəsur əsgərlərimizin qanı düşmənin xain niyyətlərinə qarşı qaynamaqdadır” - deyə, Şərif vurğulayıb.
Ötən gün Hindistan və Pakistan atəşkəs rejimi barədə razılığa gəliblər. Hərbi danışıqların nəticəsi olaraq, tərəflər Hindistan standart vaxtı ilə saat 17:00-dan (Bakı vaxtı ilə 15:30) etibarən quru, hava və dənizdə silahlı əməliyyatları və atəşi dayandırmağa razılaşıblar. Lakin bu razılaşmadan bir neçə saat sonra Cammu və Kəşmirin bir neçə şəhərində, eləcə də Pəncab bölgəsində pilotsuz uçuş aparatları müşahidə olunub, hava hücumundan müdafiə sistemləri işə düşüb və elektrik enerjisi kəsilib.