BAKI, AzerVoice, Orxan Qədirzadə
1979-cu ilin 16 yanvarında İranın uzun illər hökmranlıq etmiş lideri Məhəmməd Rza Şah Pəhləvi orduda baş qaldıran itaətsizlik, kütləvi və zorakı etiraz aksiyaları fonunda hakimiyyətini itirərək İrandan qaçdı. Şahın ölkədən getməsindən cəmi 14 gün sonra, 15 illik sürgündən qayıdan Ayətullah Ruhullah Xomeyni İslam İnqilabının lideri kimi Tehrana daxil oldu və faktiki olaraq ölkənin idarəsini ələ aldı.
Şah hakimiyyətinin formalaşması və süquta aparan yol
1941-ci ildə Böyük Britaniya və Sovet İttifaqı qoşunlarının İrana daxil olmasından sonra Pəhləvi sülaləsindən olan şah taxtdan salındı və onun yerinə oğlu Məhəmməd Rza şah elan edildi. Yeni şah konstitusion monarx kimi çıxış edəcəyinə söz versə də, zamanla seçkili hökumətlərin fəaliyyətinə ciddi şəkildə müdaxilə etməyə başladı.
1949-cu ildə ona qarşı planlaşdırılan kommunist sui-qəsd cəhdindən sonra şah səlahiyyətlərini daha da genişləndirdi. Lakin 1950-ci illərin əvvəllərində millətçi siyasətçi Məhəmməd Musəddiqin yüksəlişi şahın nüfuzunu zəiflətdi. Musəddiq Britaniyanın İrandakı neft maraqlarının milliləşdirilməsinə nail oldu və bu, Londonla yanaşı Vaşinqtonun da ciddi narazılığına səbəb oldu.
1953-cü ilin avqustunda şah Musəddiqi vəzifədən uzaqlaşdırmağa cəhd etsə də, güclü xalq dəstəyi səbəbindən özü ölkədən qaçmağa məcbur qaldı. Bir neçə gün sonra xarici xüsusi xidmət orqanlarının dəstəyi ilə həyata keçirilən çevriliş nəticəsində Musəddiq devrildi və şah yenidən hakimiyyətə qayıtdı.
“Ağ İnqilab” və dini müxalifətin yüksəlişi
1963-cü ildə Məhəmməd Rza şah “Ağ İnqilab” adlanan genişmiqyaslı islahat proqramına start verdi. Torpaq islahatı, qadınlara səsvermə hüququnun verilməsi, savadsızlığın azaldılması və infrastrukturun inkişafı cəmiyyətin bir hissəsi tərəfindən müsbət qarşılandı.
Lakin dini dairələr bu siyasəti İranın qərbləşdirilməsi kimi qiymətləndirdi. Ruhullah Xomeyni şah rejiminin ən sərt tənqidçilərindən birinə çevrildi və İslam dövlətinin qurulmasına çağırış etdi. 1964-cü ildə Xomeyni sürgün edildi və İraqda məskunlaşaraq tərəfdarlarına müraciətlərini davam etdirdi.
1979-cu ilin yanvarında şahın ölkəni tərk etməsi ilə Pəhləvi sülaləsinin hakimiyyəti faktiki olaraq sona çatdı və İran tarixində yeni bir dövr başladı.