BAKI, AzerVoice
27 noyabr 1095-ci ildə Papa Urban II Orta əsrlərin ən təsirli çıxışlarından birini edərək Avropanın bütün xristianlarını “müqəddəs torpaqları geri almaq üçün” müsəlmanlara qarşı müharibəyə çağırdı. Onun məşhur çağırışı — “Deus vult!” (Allah belə istəyir!) — tarixə ilk Səlib yürüşünün başlanğıcı kimi düşdü.
Urban II (Odo de Lagery) böyük islahatçı Papa VII Qriqorinin yetirməsi idi və o da kilsə daxilində rüşvət, simoniya və başqa pozuntulara qarşı mübarizə aparırdı. 1088-ci ildə papa seçildikdən sonra Avropada katolik kilsəsinin nüfuzunu gücləndirməyə çalışırdı.
XI əsrin sonlarına yaxın Müqəddəs Torpaqlar — xüsusilə Qüds — avropalı xristianlarla müsəlman türklər arasında ciddi mübarizə obyektinə çevrilmişdi. Səlcuqlar Qüdsü fəth etdikdən sonra xristian zəvvarların şəhərə girişinə məhdudiyyət qoyuldu. Ardınca Səlcuqlar Bizans ərazilərini təhdid etməyə başlayanda, imperator I Aleksey Papaya rəsmi yardım müraciəti etdi.
Urban II bu müraciəti kilsə hakimiyyətini gücləndirmək üçün tarixi fürsət kimi qiymətləndirdi və Avropanı vahid bayraq altında birləşdirməyə çalışdı.
Klermon Şurası – Səlib yürüşü çağırışı
1095-ci ilin noyabrında Fransanın Klermon şəhərində yüzlərlə ruhani və zadəganın iştirakı ilə keçirilən şurada Papa Urban II sarsıdıcı nitq söylədi. O, xristianları bir-biri ilə müharibəni dayandırmağa və Qüdsü geri almaq üçün “müqəddəs müharibəyə” çıxmağa çağırdı.
Urban çıxışında müsəlmanlara qarşı qərəzli və şişirdilmiş ittihamlar səsləndirdi və yürüşdə ölənlər üçün tam günah bağışlanması vəd etdi. Onun çağırışı Avropada ildırım sürəti ilə yayıldı və qısa müddətdə on minlərlə insan səfərbər olundu.
Səlib yürüşlərinə qoşulanlar kimlər idi?
Urbanın çağırışına 60–100 min arası insan qoşuldu. Onların bir hissəsi dini zəlillikdən çıxmaq üçün yürüşə qatılırdı, lakin çoxsaylı avropalı zadəganlar yeni torpaqlar və sərvətlər qazanmaq ümidi ilə yola düşmüşdülər.
Səlibçi ordular yolda saysız-hesabsız günahsız insanı qətlə yetirdilər.Peşəkar müsəlman orduları qarşısında təcrübəsiz avropalı kəndlilər böyük itkilər verdi. Yalnız say üstünlüyü sayəsində xristianlar müvəffəqiyyət əldə edə bildi.
Urban II nəticəni görmədən öldü
1099-cu ildə Qüdsün xristianlar tərəfindən ələ keçirilməsindən iki həftə sonra Urban II dünyasını dəyişdi. O, qələbənin xəbərini eşidə bilmədi. Lakin onun başladığı ilk yürüş sonrakı iki əsrdə 7 böyük Səlib müharibəsinin əsasını qoydu. Bu müharibələrin nəticələri günümüzdə Yaxın Şərqin siyasi tarazlıqlarında hələ də hiss olunur.
1881-ci ildə Roma Katolik Kilsəsi Urban II-ni müqəddəs elan etdi.