BAKI,AzerVoice
2017-ci il noyabrın 24-də Misirin Şimali Sinay bölgəsində yerləşən Əl-Ravda məscidində partlayış baş verdi və terrorçular cümə namazını yenicə bitirən dindarlara atəş açdılar. Hücum nəticəsində 27 uşaq da daxil olmaqla 305 nəfər həlak olub, 120 nəfər yaralandı. Bu, ölkənin son illərdə qeydə alınan ən qanlı terror aktı hesab edilir.
Hücum Misirdə dönüş nöqtəsi kimi qiymətləndirilir. 2013-cü ildə hazırkı prezident tərəfindən Müsəlman Qardaşları hərəkatının lideri Məhəmməd Mursi devrildikdən sonra ölkədə terror hücumları artmışdı. Lakin İslam ibadətgahlarına hücum nadir hallarda baş verirdi. Bu terror aktlarının “Müsəlman Qardaşlar” hərəkatı ilə əlaqəsi olmasa da Misir hakimiyyəti hərəkata təzyiqləri daha da artıtdılar. Bundan əvvəl terror qrupları əsasən Qipti kilsələrini və təhlükəsizlik qüvvələrini hədəfə alırdı, lakin məscidlərə qarşı hücum etməkdən çəkinirdilər.
Əl-Ravda məscidinin camaatının əksəriyyəti İslamın mistik təriqəti olan Sufi müsəlmanlardan ibarət idi.
Hücum Məhəmməd peyğəmbərin mövludu günündən bir neçə gün əvvəl, məscidin dolu olduğu vaxt həyata keçirilib. Dörd yolsuzluq avtomobilində gələn 25–30 silahlı şəxs məscidin əsas girişindən və 12 böyük pəncərəsindən içəridəkilərə atəş açıb. Qaçmağa çalışanlara qarşı bombalar və tank əleyhinə qumbaraatanlarla hücum edilib. Terrorçular məscidin qarşısında dayanmış avtomobilləri yandırıb və hadisə yerinə gələn təcili tibbi yardım maşınlarına atəş açaraq xilasetməni əngəlləyib.
Hücuma görə heç bir təşkilat rəsmi məsuliyyəti üzərinə götürməsə də, faktlar hadisənin arxasında İŞİD-in dayandığını göstərirdi. İŞİD-ə bağlı bir nəşrdə təşkilatın Sinay nümayəndəsi Sufilərə nifrət etdiklərini və Əl-Ravdanın hədəf olduğunu açıq şəkildə bildirmişdi.
Misir prezidenti Əbdülfəttah əs-Sisi televiziya müraciətində hücuma “aqressiv güclə” cavab veriləcəyini açıqladı. Təhlükəsizlik məsələsi prezidentə dəstəyin əsas səbəblərindən biri olduğundan və qarşıda mümkün seçkilər dayandığından, qəti cavab gözlənilirdi.
Hücumdan bir neçə saat sonra Misir ordusu bölgədəki dağ massivlərinə hava zərbələri endirib. Ölkədə üç günlük matəm elan olunub.