BAKI,AzeeVoice
1890-cı il dekabrın 29-da, Amerika Birləşmiş Ştatlarının uzun sürən Hindu müharibələrinin birində, ABŞ süvariləri Cənubi Dakotadakı Peyn-Ric rezervasiyasında 146 nəfər Lakota hindu sakininə qarşı qətliam törətdi.
1890-cı il boyunca ABŞ hökuməti “Xəyal rəqsi” (“Ghost Dance”) adlı dini hərəkatın Lakotalar arasında sürətlə yayılmasından narahat idi. Bu inanclara görə, yerli tayfalar öz ənənəvi adətlərini tərk etdikləri üçün tanrıları qəzəbləndirmiş, buna görə də məğlub edilərək rezervasiyalara salınmışdılar. Lakotaların bir çoxu hesab edirdi ki, Xəyal rəqsini icra etsələr və ağ adamın həyat tərzindən imtina etsələr, tanrılar dünyanı yenidən yaradacaq və hindulara qarşı çıxanları ,o cümlədən ağları məhv edəcək.
1890-cı il dekabrın 15-də rezervasiya polisi məşhur Hunkpapa Lakota lideri Sitting Bullu (Oturan Buğa) həbs etməyə cəhd göstərdi. Onu Xəyal rəqsi hərəkatının rəhbərlərindən biri hesab edir, lakin bu məlumat səhv idi. Həbs zamanı Oturan Buğa öldürüldü.
Dekabrın 29-da ABŞ ordusunun 7-ci süvari alayı Lakota rəhbəri Big Footun (“Böyük Ayaq” – digər adı Spotted Elk) dəstəsini Wounded Knee (Yaralı Diz) çayı yaxınlığında mühasirəyə aldı və silahlarını təhvil vermələrini tələb etdi. Bu zaman bir əsgər ilə Lakota döyüşçülərindən biri arasında qarşıdurma baş verdi və ilk güllə atıldı. Gülləni kimin açdığı bu günədək dəqiq məlum deyil. Ardınca dəhşətli qırğın baş verdi. Təxmini hesablamalara görə, 150-yə yaxın yerli amerikalı öldürüldü (bəzi tarixçilər bu rəqəmi iki dəfə çox göstərir). Həlak olanların yarıya qədəri qadınlar və uşaqlar idi. ABŞ süvariləri 25 nəfər itki verdi.
Bu hadisə uzun müddət “döyüş” adlandırılsa da, gerçəklikdə bu, tamamilə qarşısı alına biləcək bir qətliam idi. Ağır silahlanmış əsgərlərlə əhatəyə alınmış Big Footun dəstəsinin hücuma keçməsi ehtimalı çox az idi. Bəzi tarixçilərin fikrincə, 1876-cı ildə Little Bighorn döyüşündə məğlub olmuş 7-ci süvari alayı bu qırğınla intiqam almağa çalışıb.
Nəticə etibarilə, bu qırğın Xəyal rəqsi hərəkatının sona çatmasına və Amerika Birləşmiş Ştatlarının düzənlik hindularına qarşı qanlı savaşının son böyük toqquşması olmasına səbəb oldu.
1973-cü ilin fevralında qarşıdurma yenidən yaşandı. Bu dəfə hadisə Amerika Hindu Hərəkatı (AIM) fəallarının və onların tərəfdarlarının 71 günlük etiraz aksiyası şəklində baş verdi. Onlar ABŞ hökumətinin yerli xalqlara qarşı haqsız siyasətinə etiraz edirdilər. Qarşıdurma zamanı iki yerli amerikalı öldürüldü, bir federal marşal ağır yaralandı və çox sayda insan həbs olundu.