Əsas səhifə » İran İsrailə xəbərdarlıq etdi: Hərbi hücum bölgəni alışdıra bilər

İran İsrailə xəbərdarlıq etdi: Hərbi hücum bölgəni alışdıra bilər

BAKI, AzerVoice

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bəyan edib ki, İsrailin ölkəsinə qarşı hər hansı hərbi hücumu bütün regionda “barıt çəlləyini alışdıracaq” və genişmiqyaslı partlayışa səbəb ola bilər. AzerVoice xəbər verir ki, Qalibafın sözlərinə görə, İsrailin baş naziri Benyamin Netanyahunun İranın nüvə proqramının ləğvi ilə bağlı verdiyi bəyanatların davam edən ABŞ–İran danışıqlarına heç bir təsiri yoxdur.
“Bu bəyanatlar dəyərsizdir və İsrail ABŞ-ın icazəsi olmadan heç bir macəraya əl atmayacaq”.-deyə o bildirib.

Parlament sədri əlavə edib ki, İrana qarşı istənilən hücum ABŞ hərbi bazalarının da hədəf alınması ilə nəticələnəcək.

Digər tərəfdən, Fransa xarici işlər naziri Jan Noel Baro BMT Təhlükəsizlik Şurasında çıxışı zamanı bildirib ki, əgər İranla aparılan danışıqlar nəticə verməzsə və Avropanın təhlükəsizlik maraqları təmin olunmasa, Paris BMT-nin İrana qarşı sanksiyalarının bərpasını nəzərdə tutan “Snapback” mexanizmini işə salmaqda tərəddüd etməyəcək.

Xatırladaq ki, “Snapback” mexanizmi İranla 2015-ci ildə imzalanan nüvə sazişinin şərtlərindən biri olaraq, razılaşmanın pozulması halında BMT-nin əvvəlki sanksiyalarının avtomatik şəkildə bərpasını nəzərdə tutur.

Digər Kateqoriyalar

2025 © Azervoice