BAKI,AzerVoice
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2025-ci ilin yanvar–dekabr ayları üzrə gəlir və xərclərinə dair yekun maliyyə göstəriciləri açıqlanıb.
AzerVoice xəbər verir ki, Fondun aktivləri 2025-ci ilin əvvəli ilə müqayisədə 22,5 faiz artaraq 73 milyard 541,5 milyon ABŞ dollarına çatıb. İlin əvvəlində bu göstərici 60 milyard 31,4 milyon ABŞ dolları təşkil edib. Manat ifadəsində ARDNF-nin aktivləri 102 milyard 53,3 milyon manatdan 125 milyard 20,5 milyon manata yüksəlib.
2025-ci ilin yanvar–dekabr aylarında ARDNF-nin ümumi gəlirləri 37 milyard 594,4 milyon manat olub. Bunun 17 milyard 160,4 milyon manatı büdcə gəlirləri, 20 milyard 434,0 milyon manatı isə valyuta məzənnələrinin və qızıl qiymətlərinin dəyişməsi nəticəsində formalaşan büdcədənkənar gəlirlər hesabına yaranıb. Hesabat dövrü üzrə Fondun ümumi xərcləri 14 milyard 627,2 milyon manat təşkil edib.
Hesabat dövründə neft və qaz sazişləri üzrə ümumi gəlirlər 10 milyard 266,3 milyon manat olub. Bunun 9 milyard 497,0 milyon manatı mənfəət nefti və qazın satışından, 765,7 milyon manatı bonus ödənişləri və tranzit gəlirlərindən, 3,6 milyon manatı isə akrhesabı ödənişlərdən formalaşıb. Bu dövrdə AÇG yatağından 8 milyard 292,9 milyon manat, Şahdəniz yatağından isə 958,8 milyon manat vəsait daxil olub.
ARDNF-nin investisiya portfeli üzrə gəlirlilik 6,2 faiz təşkil edib ki, bu da 6 milyard 894,1 milyon manat həcmində investisiya gəliri ilə nəticələnib.
2025-ci il ərzində ARDNF tərəfindən dövlət büdcəsinə 14 milyard 481,0 milyon manat vəsait transfert edilib. Davam edən layihələrin maliyyələşdirilməsinə isə 105,5 milyon manat yönəldilib. Bu vəsaitin 18,6 milyon manatı ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılmasına, 86,9 milyon manatı isə gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinə dair dövlət proqramına ayrılıb. Fondun idarəetmə xərcləri isə 40,7 milyon manat təşkil edib.
2025-ci ildə qlobal maliyyə bazarlarında müşahidə edilən proseslər ARDNF-nin investisiya portfelinə müsbət təsir göstərib. Mərkəzi bankların faiz dərəcələrini endirməsi istiqraz bazarlarında gəlirliliyi artırıb, səhm investisiyaları isə şirkətlərin dayanıqlı maliyyə göstəriciləri və texnologiya sahəsindəki irəliləyişlər fonunda müsbət nəticə nümayiş etdirib.
Daşınmaz əmlak və infrastruktur investisiyaları üzrə gəlirlilik sektorlara görə fərqlənsə də, logistika, yaşayış və infrastruktur aktivlərinə tələbin yüksək qalması müsbət gəlirliliyi təmin edib. Qızıl qiymətlərinin artması isə Fondun qızıl altportfeli üzrə əhəmiyyətli büdcədənkənar gəlirlərin formalaşmasına şərait yaradıb.