BAKI,AzerVoice, Orxan Qədirzadə
Türkiyənin yerləşdiyi seysmik aktiv coğrafiya 1500-cü illərdən bəri dəfələrlə 7 bal və daha yüksək gücə malik dağıdıcı zəlzələlərlə sarsılıb. Məlumatlara görə, son 510 il ərzində Türkiyə ərazisində 7 və daha yuxarı gücdə ümumilikdə 23 zəlzələ qeydə alınıb.
Türkiyə Avrasiya, Ərəb və Afrika litosfer lövhələrinin qarşılıqlı təsir zonasında yerləşdiyi üçün yüksək seysmik risk daşıyan ölkələrdən sayılır. Ölkə daxilində Şimal Anadolu, Şərqi Anadolu və Qərbi Anadolu qırılma xətləri zəlzələ riskinin əsas mənbələri kimi göstərilir. Mütəxəssislər Türkiyə əhalisinin əhəmiyyətli hissəsinin aktiv qırılma zonalarına yaxın ərazilərdə yaşadığını bildirir və bu səbəbdən tikililərin zəlzələyə davamlılığının artırılmasını, xüsusilə şəhərlərin yenilənməsi layihələri çərçivəsində möhkəmləndirmə tədbirlərinin genişləndirilməsini vacib sayırlar.
Verilən məlumatlarda qeyd olunur ki, 7 bal və daha yüksək zəlzələlər təhlükə səviyyəsi baxımından xüsusi kateqoriyaya aid edilir. Tarixi mənbələrdə və toplanmış statistik materiallarda Türkiyə coğrafiyasında baş vermiş güclü zəlzələlərdən bir neçəsi xüsusilə fərqlənir.
1500–1899: Tarixi sarsıntılar
1509-cu il (İstanbul, 7,2 bal) – “Böyük İstanbul zəlzələsi” kimi xatırlanır.
1653-cü il (Şərqi İzmir, 7,5 bal)
1668-ci il (Anadolu, 8 bal) – dövrün ən güclü zəlzələlərindən biri kimi qeyd olunur.
1688-ci il (İzmir, 7 bal)
1881-ci il (Sakız adası, 7,3 bal)
1894-cü il (İstanbul, 7 bal)
1900–1939: Güclü zəlzələlərin yeni dalğası
1912-ci il (Mürefte, 7,3 bal)
1919-cu il (Ayvalık, 7 bal)
1930-cu il (Hakkari, 7,2 bal) – məlumatlara görə, 2 514 nəfər həlak olub, 3 minə yaxın bina zərər görüb.
1939–2018: Böyük fəlakətlər dövrü
1939-cu il (Erzincan, 7,9 bal) – Türkiyə tarixində ən dağıdıcı zəlzələlərdən biri kimi göstərilir: təxminən 32 968 nəfər həyatını itirib, 116 720 bina zərər görüb. Bu hadisə Şimal Anadolu qırılma xəttinin risklərinin daha sistemli şəkildə dərk edilməsinə təkan verən mərhələ kimi xatırlanır.
1942-ci il (Tokat, Erbaa, 7 bal) – təxminən 3 min nəfərin həlak olduğu bildirilir.
1943-cü il (Samsun, Ladik, 7,2 bal) – 4 min nəfərin öldüyü, geniş miqyaslı dağıntıların yaşandığı qeyd olunur.
1944-cü il (Bolu, Gerede, 7,2 bal) – 3 959 nəfər həlak olub, 20 865 bina zərər görüb.
1953-cü il (Çanaqqala, Yenice, 7,2 bal) – 265 nəfər həlak olub, 6 750 bina zərər görüb.
1957-ci il (Muğla, Fethiye, 7,1 bal) – 67 nəfər həlak olub.
1957-ci il (Bolu, Abant, 7,1 bal) – 52 nəfər həlak olub.
1964-cü il (Balıkəsir, Manyas, 7 bal) – 23 nəfər həlak olub.
1970-ci il (Kütahya, Gediz, 7,2 bal) – 1 086 nəfər həlak olub, 19 291 bina zərər görüb.
1976-cı il (Van, Çaldıran, 7,5 bal) – 3 840 nəfər həlak olub, 9 232 bina zərər görüb.
1999-cu il (Kocaeli, Gölcük, 7,4 bal) – ən ağır nəticələrə səbəb olan zəlzələlərdən biri kimi göstərilir: rəsmi rəqəmlərə görə 17 480 nəfər həlak olub, 73 342 bina zərər görüb.
1999-cu il (Düzce, 7,2 bal) – 763 nəfər həlak olub, 35 519 bina zərər görüb.
2011-ci il (Van, 7,2 bal) – 644 nəfər həlak olub, 17 005 bina zərər görüb.
2023: Müasir dövrün ən ağır sarsıntılarından biri
6 fevral 2023-cü il – Kahramanmaraş mərkəzli iki böyük zəlzələ (7,7 və 7,6 bal) bir neçə şəhərə təsir edib.
Mütəxəssislərin yanaşmasına görə, bu statistik mənzərə Türkiyədə seysmik risklərin uzunmüddətli və struktur xarakter daşıdığını göstərir. Odur ki, zəlzələyə dayanıqlı tikinti standartlarının gücləndirilməsi, köhnə yaşayış fondunun mərhələli şəkildə yenilənməsi, həmçinin ictimai maarifləndirmənin artırılması əsas prioritetlər sırasında qalır.