BAKI, AzerVoice, Nailə Babazadə
Somali Federal Hökumətinin Nazirlər Şurası 5 fevralda keçirilən iclasında Türkiyə ilə dənizçilik sahəsində əməkdaşlığı nəzərdə tutan müqavilə başda olmaqla, dəniz ticarətinə dair bir sıra mühüm saziş və konvensiyaları təsdiq edib.
AzerVoice xəbər verir ki, baş nazir Həmzə Abdi Barrenin rəhbərliyi ilə baş tutan toplantıda ölkədə davam edən quraqlıq vəziyyəti, onun su və qida ehtiyatlarına təsiri barədə hesabatlar dinlənilib. Hökumət mövcud böhranın fəsadlarını azaltmaq üçün təxirəsalınmaz tədbirlər planı hazırlayıb. Bu çərçivədə təbii və insan amilli fəlakətlərə qarşı hazırlıq, qarşısının alınması və müdaxilə proseslərini vahid mərkəzdən tənzimləyən Milli Fəlakət və Risk İdarəetmə Fondunun yaradılması barədə qərar qəbul edilib.
İclasda həmçinin dövlət qurumlarının potensialının artırılması və ictimai xidmətlərin keyfiyyətinin yüksəldilməsini hədəfləyən müxtəlif siyasət sənədləri təsdiqlənib. Bunlar arasında Somali ilə Türkiyə arasında dənizçilik sahəsində əməkdaşlıq sazişi, 2006-cı il tarixli Dəniz İşləri Konvensiyası, 2007-ci il tarixli "Nairobi" gəmi qalıqlarının kənarlaşdırılması haqqında beynəlxalq konvensiya və 1969-cu il tarixli Gəmilərin tonnajının ölçülməsi haqqında beynəlxalq konvensiya yer alıb.
Türkiyə ilə imzalanan dənizçilik müqaviləsi dəniz ticarətinin inkişafı, gəmi hərəkətinin tənzimlənməsi, liman xidmətlərinin müasirləşdirilməsi və dənizçilərin ixtisas sənədlərinin qarşılıqlı tanınmasını əhatə edir. Həmçinin texniki əməkdaşlıq, təcrübə mübadiləsi və ticari fəaliyyətlərin asanlaşdırılması da müqavilənin əsas bəndləri arasındadır. Qeyd edək ki, Türkiyə ilə Somali arasında 2011-ci ildən bəri iqtisadiyyat, təhsil, səhiyyə və infrastruktur sahələrində çoxşaxəli əməkdaşlıq uğurla davam edir.