BAKI, AzerVoice, Zeynəb Raminqızı
İstanbul Böyükşəhər Bələdiyyəsinə(İBB) qarşı yönələn korrupsiya əməliyyatı çərçivəsində başda İstanbul olmaqla altı şəhərdə genişmiqyaslı əməliyyat keçirilib.
AzerVoice xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq nəticəsində Əziz İhsan Aktaş cinayətkar təşkilatına qarşı İstanbul, Antalya, Çanaqqala, Trabzon, Bursa və Giresun şəhərlərində eyni vaxtda keçirilən əməliyyatlarda saxlanılan 24 nəfər məhkəmə qarşısına çıxarılıb.
İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı başlanan “korrupsiya” istintaqı çərçivəsində Əziz İhsan Aktaş cinayət təşkilatının İSFALT və İETT qurumlarının bəzi tenderlərinə saxtakarlıqla müdaxilə etdiyi müəyyən olunub. Bu səbəbdən 25 nəfər barəsində saxlanma qərarı verilib.
İstanbul Təhlükəsizlik İdarəsinin Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsi tərəfindən 29 iyul tarixində həyata keçirilən əməliyyatlarda 24 şübhəli saxlanılıb.
“Tenderlərə saxtakarlıqla müdaxilə etmək” ittihamı ilə saxlanılan şübhəlilər polis bölməsindəki sorğu-sual və əməliyyat prosesindən sonra bu gün səhər Bayrampaşa Dövlət Xəstəxanasında sağlamlıq müayinəsindən keçiblər. Müayinədən sonra 24 şübhəli məhkəmə qarşısına çıxarılıb.