BAKI, AzerVoice
Türkiyə Böyük Millət Məclisi (TBMM) sədri Numan Kurtulmuş siyasi partiyalarla "Terrorsuz Türkiyə" danışıqları dünən yekunlaşıb.
AzerVoice xəbər verir ki, Numan Kurtulmuş və İbrahim Kalın dünən Özgül Özəl ilə görüşüb.
Təxminən 40 dəqiqə davam edən görüşdə Kurtulmuşun CHP sədri Özgür Özəl ilə "Terrorsuz Türkiyə" hədəfi istiqamətində yaradılacaq komissiyanın işi ilə bağlı fikir mübadiləsi apardığı bildirilir.
Proseslə bağlı hüquqi və idarəetmə tənzimləmələrinin edilməsi məqsədilə Türkiyə Böyük Millət Məclisində (TBMM) qurulacaq komissiya üçün də işlər son mərhələyə gəlib. Kurtulmuş bu məqsədlə siyasi partiyalara komissiyanın yaradılması üçün məktub göndərəcək. Partiyalardan gələcək bildirişlər əsasında komissiyanın qurulmasının avqustun əvvəlində həyata keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, komissiyanın yaradılması ideyası ilk dəfə 2024-cü ilin sonunda Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçelinin çağırışı ilə gündəmə gəlib.
İlkin məlumata əsasən, parlamentdə fraksiyası olan beş partiya – Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası (CHP), Xalqların Bərabərliyi və Demokratiya Partiyası (DEM), MHP və Yenidən Rifah Partiyası (YRP) – komissiyada təmsil olunacaq. İYİ Partiyasının isə iştirak etməyəcəyi gözlənilir.
Həmçinin fraksiyası olmayan partiyalardan da hər birindən bir nəfər nümayəndənin qatılması nəzərdə tutulur. Komissiyanın ümumi tərkibinin 35-40 nəfər arasında olması planlaşdırılır.
Komissiya yaradıldıqdan dərhal sonra fəaliyyətə başlayacaq və yay tətili dövründə də fasiləsiz işləyərək qanun layihələrinin hazırlanması üzərində çalışacaq.
PKK-nın silah buraxma prosesinin iki ilə beş ay arasında başa çatacağı proqnozlaşdırılır. Paralel olaraq, komissiya keçmiş təşkilat üzvlərinin cəmiyyətə inteqrasiyası, müəyyən istintaqlardan azad olunma və digər humanitar təşəbbüslər üzərində çalışacaq.
Əgər proses planlandığı kimi irəliləyərsə və Milli Təhlükəsizlik Şurası (MGK) PKK-nın artıq milli təhlükə törətmədiyini müəyyən etsə, təşkilat üzvlüyü və yardım kimi ittihamlarla bağlı məhkəmə işləri 2026-cı ilin ilk rübündən etibarən yenidən qiymətləndirilə bilər.
Qeyd edək ki, iyulun 11-də İraqın Süleymaniyyə şəhərində PKK-ya bağlı bir qrup silahlarını məhv edərək prosesin yeni mərhələsini başladıb.
PKK üzvləri Süleymaniyyənin Surdaş mahalı sərhədindəki mağarada toplaşaraq silahlarını alovlu qazanda məhv ediblər. Proses İraq Kürd Regional Rəhbərliyi, Türkiyənin Milli Kəşfiyyat Təşkilatı, DEM Partiyası nümayəndələri və vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə izlənilib.
MHP sədri Devlet Bahçelinin çağırışı və Prezident Rəcəb Tayyib Ərdoğanın dəstəyi ilə irəliləyən "Terrorsuz Türkiyə" prosesi, silahların məhv edilməsi ilə simvolik dönüş nöqtəsinə çatıb. PKK-nın tam tərksilahı sentyabrın sonuna qədər tamamlanması planlaşdırılır.
Həmçinin qeyd edək ki, bu prosesin əsas mərhələlərinə DEM Partiyasının Ədliyyə Nazirliyinin icazəsi ilə İmralıya səfərləri, siyasi partiyalar arasında müzakirələr və prezident Ərdoğanın Pervin Buldan və Mithat Sancarla görüşləri daxildir. PKK mayın 5-7-də keçirilən qurultayında təşkilatın ləğvi və silahın yerə qoyulması qərarını açıqlamışdı.