BAKI, AzerVoice, Nailə Babazadə
Ədalət və inkişaf partiyası (AK Parti) tərəfindən hazırlanan “Türk Dünyası Vizyon Sənədi” Türk dövlətləri arasında əməkdaşlığın institusional əsasda gücləndirilməsini və Türk Dünyasının qlobal miqyasda daha təsirli güc mərkəzinə çevrilməsini hədəfləyir. 198 səhifəlik və 14 bölmədən ibarət sənəddə qısa, orta və uzunmüddətli strateji məqsədlər müəyyənləşdirilib.
AzerVoice xəbər verir ki, sənəd enerji, ticarət, nəqliyyat, texnologiya, rəqəmsal iqtisadiyyat, müdafiə, təhlükəsizlik, təhsil və mədəniyyət sahələrində dərin inteqrasiyanı nəzərdə tutur. Türk dövlətləri arasında ticarət həcminin 100 milyard dolları aşması, ortaq bazar və e-ticarət platformalarının yaradılması, Türkcoin adlı ortaq rəqəmsal valyuta təşəbbüsü və investisiya mexanizmlərinin genişləndirilməsi əsas iqtisadi hədəflər sırasındadır.
Sənəddə Trans-Xəzər qaz kəməri, Orta Dəhliz və digər nəqliyyat layihələri, Türk Dünyası Enerji Agentliyi və Enerji Birliyinin yaradılması, müdafiə sənayesi və terrorla mübarizə sahəsində ortaq qurumların təsis edilməsi nəzərdə tutulur.
Eyni zamanda ortaq diplomatik nümayəndəliklər, dil və media platformaları, təhsil və gənclər təşəbbüsləri, viza və sərbəst hərəkət mexanizmləri, insan hüquqları və ədliyyə sahəsində əməkdaşlıq planlaşdırılır. Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatında tam üzvlüyünün təmin edilməsi də sənədin əsas məqsədlərindəndir.
Ümumilikdə, “Türk Dünyası Vizyon Sənədi” Türk dövlətləri üçün 2040 perspektivinə yönəlmiş, çoxşaxəli əməkdaşlığı və ortaq gələcək quruculuğunu nəzərdə tutan strateji yol xəritəsi kimi təqdim olunur.
