BAKI,AzerVoice, Fərid Mikayılov
Türkiyə futbolunun tanınmış simalarından, Qalatasaray klubunun sabiq futbolçusu Candemir Berkman dünyasını dəyişib.
AzerVoice xəbər verir ki, bu barədə Qalatasaray klubu rəsmi sosial şəbəkə hesabında açıqlama yayıb.
Bildirilib ki, uzun illər Türk futboluna futbolçu, texniki direktor və idarəçi kimi xidmət göstərmiş Candemir Berkmanın vəfatı böyük kədər hissi ilə qarşılanıb.
Klubun paylaşımında qeyd olunub ki, mərhumun cənazəsi 12 fevral 2026-cı il, cümə axşamı günü Levent Barbaros Hayrettin Paşa məscidində qılınacaq günorta namazından sonra Bəylərbəyi Küplücə qəbiristanlığında dəfn ediləcək.
Candemir Berkmanın vəfatı ilə bağlı Türkiyə Futbol Federasiyası da başsağlığı mesajı yayıb. Bildirilib ki, Berkman Türkiyə milli komandasının sabiq üzvü olub və A Milli komandada 11, B Milli komandada isə 4 dəfə forma geyinib.
Açıqlamada vurğulanıb ki, Candemir Berkman peşəkar futbolçu karyerası ərzində Vefa və Qalatasaray klublarında çıxış edib,
Futbolçu karyerasını başa vurduqdan sonra müxtəlif klublarda texniki direktor kimi çalışan Berkman, eyni zamanda Türkiyə Futbol Federasiyasında uzun illər fəaliyyət göstərib.
Türkiyə futbol ictimaiyyəti mərhum Candemir Berkmanın ailəsinə, yaxınlarına və bütün futbol camiasına başsağlığı verib.