Bakı, AzerVoice
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi bir sıra şəhərətrafı və şəhərlərarası avtobus marşrutları üzrə keçirilən müsabiqələrin nəticələrini elan edib.
AzerVoice xəbər verir ki, sərnişindaşıma sahəsində rəqabətli mühitin gücləndirilməsi və marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin olunması məqsədilə təşkil olunan müsabiqələr üzrə qaliblər müəyyən edilib.
Belə ki, 592 nömrəli şəhərətrafı (Gorədil qəsəbəsi – Xırdalan şəhəri) marşrut üzrə “Ena Transport” MMC qalib elan olunub. Bakı–Sınıq Körpü (Qazax sərhəd-keçid məntəqəsi) marşrutu üzrə fiziki şəxs Məmmədov Xanadan Məhərrəm oğlu, Sumqayıt–Sınıq Körpü (Qazax sərhəd-keçid məntəqəsi) marşrutu üzrə isə “Kaspian Ekspress” MMC müsabiqənin qalibi olub.
Gəncə–Qazax marşrutu üzrə fiziki şəxs Məmmədov Mahir Xaliq oğlu, Qazax–Gəncə marşrutu üzrə isə “Ağstafa Avtonəqliyyat” ASC və fiziki şəxs Alızadə Ayxan Maarif oğlu qalib elan ediliblər.
Qeyd edilib ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənmiş müvafiq Qaydalara uyğun olaraq təşkil edilir.
Agentlikdən bildirilib ki, marşrut xətləri mərhələli şəkildə müsabiqəyə təqdim olunur. Məqsəd sərnişindaşıma xidmətlərinin keyfiyyətinin, təhlükəsizliyinin və rahatlığının artırılması, eləcə də marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.