BAKI,AzerVoice
Yeni Klinikada 1-31 Oktyabr Ümumdünya Süd Vəzi Xərçəngi ilə Mübarizə Ayı çərçivəsində ginekoloji xəstəliklərin profilaktikasına həsr olunan “Çəhrayı lent” adlı maarifləndirmə seminarı baş tutub.
AzerVoice xəbər verir ki, Klinikanın Reproduktiv sağlamlıq və ailə planlaması mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirin əsas məqsədi qadın sağlamlığı ilə bağlı maarifləndirməni gücləndirmək, ginekoloji xəstəliklərin və süd vəzi xərçənginin erkən diaqnostikasının əhəmiyyətinə diqqət çəkmək, eləcə də profilaktik müayinələrin vacibliyinə dair ictimai məlumatlılığı artırmaqdır.
Tədbirdə Yeni Klinikanın direktoru Barat Yusubov, TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova, Yeni Klinikanın direktor müavini, Reproduktiv sağlamlıq və ailə planlaması mərkəzinin rəhbəri Gülnar Nuriyeva, rəssam Mirazər Abdulla həmçinin bir sıra tibb müəssisələrinin həkim-mütəxəssisləri iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən B.Yusubov cəmiyyətin sağlamlığının əsasını qadın sağlamlığının təşkil etdiyini vurğulayaraq bildirib ki, bu problemə üç əsas istiqamətdən - maarifləndirmə, profilaktika və erkən diaqnostika baxımından yanaşmaq vacibdir. Direktor qadın sağlamlığında profilaktik tədbirlər sırasında HPV (papilloma virus infeksiyası) və skrininq testlərin aparılmasının vacibliyini qeyd edərək bu testlərin vaxtında icrasının xərçəng və digər ginekoloji xəstəliklərin erkən mərhələdə aşkarlanmasında önəmli olduğunu diqqətə çatdırıb.
Z.Ədilova qeyd edib ki, qadın sağlamlığının qorunması dövlətin prioritet istiqamətlərindən biridir və bu sahədə TƏBİB tərəfindən ardıcıl, sistemli tədbirlər həyata keçirilir.
Z.Ədilova süd vəzi xərçəngi xəstəliklərinin erkən aşkarlanması, profilaktikası və müalicəsi məqsədilə TƏBİB tərəfindən digər səhiyyə qurumları və özəl tərəfdaşlarla birgə aprelin 28-dən sentyabrın 13-dək səyyar mammoqrafiya aksiyalarının keçirildiyini bildirib.
“Bu il 2 səyyar mammoqrafiya cihazı ilə təchiz edilmiş xüsusi ambulanslar istifadəyə verilib.
Füzuli, Zəngilan rayonları da daxil olmaqla ümumilikdə 22 rayonda 4 minə yaxın qadın skrininqlərə cəlb olunaraq, müayinələrdən keçib. Aparılan analizlər zamanı diqqət və əlavə müayinə tələb edən göstəricilər aşkarlanan qadınlar ətraflı müayinə və müalicə üçün ixtisaslaşmış tibb mərkəzinə yönləndiriliblər”.
Rəssam Mirazər Abdulla çıxışında qadının gücünün həyatın bütün sahələrində özünü göstərdiyini vurğulayaraq qadının həm ailədə, həm cəmiyyətdə, həm də yaradıcılıqda güc, zəriflik və fədakarlıq rəmzi olduğunu bildirib.
Sonda çıxış edən Gülnar Nuriyeva icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində TƏBİB-in müxtəlif tibb müəssisələrində, o cümlədən Yeni Klinikada təqdim olunan xidmətlərdə qadın sağlamlığına xüsusi önəm verildiyini bildirib. O, bu xidmətlərin qadınlarda xəstəliklərin erkən aşkarlanması, müalicəyə əlçatanlığın artırılması və profilaktik tədbirlərin genişləndirilməsi baxımından mühüm rol oynadığını qeyd edib.
Panel sessiyaları ilə davam edən seminar çərçivəsində Yeni Klinikanın həkim-mütəxəssisləri - həkim-radioloq Aynur Hüseynova, ümumi cərrahiyyə uzmanı, dosent Mirxalıq Cavadov, uzman mama-ginekoloq Sitarə Aslanova, uzman mama-ginekoloq Nəzrin Məmmədova, həkim-uroloq-androloq Azad Süleymanov qadın sağlamlığı, xəstəliklərin qarşısının alınması və erkən diaqnostikanın üstünlükləri barədə məlumat verib, iştirakçıların suallarını cavablandırıblar.
Tədbir maarifləndirici təqdimatlar, interaktiv müzakirələr və sağlam həyat tərzinin təşviqinə yönəlmiş çıxışlarla yadda qalıb.