BAKI, AzerVoice
Türk Mədəniyyəti və İrsi Fondu 23 may 2025-ci il tarixində ADA
Universitetində təşkil olunan 13-cü Beynəlxalq Festivalda iştirak
edib. Universitetin ənənəvi tədbirlərindən birinə çevrilən bu
festival mədəni müxtəlifliyi və beynəlxalq əməkdaşlığı təşviq etmək
məqsədi daşıyır.
Festivalda 50-yə yaxın ölkənin mədəniyyəti təqdim olunub. Müxtəlif dövlətləri və beynəlxalq təşkilatları təmsil edən stendlərdə milli mətbəx nümunələri, nəşrlər, dekorativ-tətbiqi sənət inciləri, musiqilər, rəqslər və milli geyimlər nümayiş etdirilib.
Bayram ab-havasında keçən tədbirdə səfirlər, diplomatik korpusun üzvləri, beynəlxalq təşkilatların nümayəndələri, ADA Universitetinin yerli və xarici tələbələri iştirak ediblər. Festival çərçivəsində konsert proqramı, interaktiv təqdimatlar və mədəniyyətlərarası dialoqu təşviq edən müsabiqələr təşkil olunub.









