Əsas səhifə » Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Səmərqənddə keçirilən HERITAGE TURQUOISE 2025 -in açılış mərasimində çıxış edib

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Səmərqənddə keçirilən HERITAGE TURQUOISE 2025 -in açılış mərasimində çıxış edib

BAKI, AzerVoice

28 may 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova, “İpək Yolu” Beynəlxalq Turizm və Mədəni İrs Universitetində (Səmərqənd) keçirilən HERITAGE TURQUOISE 2025 adlı beynəlxalq sərgi və konfransın təntənəli açılış mərasimində çıxış edib.

AzerVoice xəbər verir ki, restavrasiya, arxeologiya, muzeyşünaslıq, kitabxana texnologiyaları və mədəni turizm sahəsində aparıcı mütəxəssisləri bir araya gətirən tədbir, Heritage Istanbul və Heritage Middle East kimi mədəni irsin qorunmasına həsr olunmuş nüfuzlu forumlar silsiləsinin davamı olaraq təşkil olunub.

Çıxışında xanım Raimkulova, tədbirin Böyük İpək Yolu üzərində yerləşən Səmərqənddə keçirilməsinin əhəmiyyətini xüsusi vurğulayaraq bildirib ki, mədəni irsin qorunması, öyrənilməsi və təşviqi Fondun əsas missiyasıdır. O, Fondun Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü və Türk Dövlətlərinin Başçılarının dəstəyi ilə yaradıldığını diqqətə çatdırıb.

Fondun prezidenti, 21 may tarixində Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının qeyri-rəsmi Zirvə görüşündə qəbul olunmuş tarixi qərar – Özbəkistan Respublikasının Fondun tamhüquqlu üzvü kimi qəbul olunması barədə xüsusi qürur hissi ilə məlumat verib. O qeyd edib ki, bu addım beynəlxalq layihələrin həyata keçirilməsi üçün yeni imkanlar açacaq və türk dünyasında mədəni əməkdaşlığı daha da gücləndirəcək.

Təqdimat zamanı xanım Aktotı Raimkulova Fond tərəfindən son bir il ərzində həyata keçirilmiş layihələr haqqında da məlumat verib. Bunlara Bişkekdəki Alıkul Osmonov Muzeyində aparılan restavrasiya işləri, “Divani Lüğat it-Türk” adlı beynəlxalq sərgilər silsiləsi, UNESCO ilə əməkdaşlıq çərçivəsində təşkil olunmuş konfranslar, kitab seriyalarının nəşri, TurkDiscovery adlı media platformasının istifadəyə verilməsi və Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistandakı universitetlərdə yeni Türk İrsi Mərkəzlərinin açılması daxildir.

Çıxışda qeyd edilən Fondun 2025-ci il üçün planlaşdırılmış restavrasiya, tədqiqat və təhsil layihələri xüsusi diqqət cəlb edib. Bu layihələrin Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Macarıstanda həyata keçirilməsi nəzərdə tutulur. Aktotı Raimkulova çıxışını mədəniyyətlər və nəsillər arasında dialoqun əhəmiyyətini vurğulamaqla yekunlaşdırıb və HERITAGE TURQUOISE 2025-in mədəni irsin qorunması sahəsində peşəkar əməkdaşlığın inkişafına əhəmiyyətli töhfə verəcəyinə əminliyini ifadə edib.

Digər Kateqoriyalar

2025 © Azervoice