BAKI,AzerVoice, Fərid Mikayılov
Qırğızıstan Prezidenti Sadır Japarov, ölkədə qadınlara və uşaqlara qarşı ağır cinayətlərə görə ölüm cəzasının tətbiqini nəzərdə tutan qanun dəyişikliyi təklif edib.
AzerVoice xəbər verir ki, 27 sentyabrda Issık-Kul gölü yaxınlığında 2008-ci il təvəllüdlü Aysuluu adlı yeniyetmə qız itkin düşmüş, daha sonra onun meyiti Jel-Arık kəndi yaxınlığında tapılmışdı.
Bu dəhşətli cinayətin araşdırılması şəxsən Japarovun nəzarətinə götürülüb. Məsələ ilə bağlı məlumatı dövlət başçısının mətbuat katibi Askat Alaqozov özünün Facebook səhifəsində paylaşıb.
Japarov hüquqi təminat idarəsinin rəhbəri Murat Ukuşevə tapşırıq verib ki, mövcud qanunvericiliyə dəyişikliklər hazırlansın. Təklif edilən düzəlişlər qadınlara və uşaqlara qarşı zorakılıqla bağlı ağır cinayətlərə görə cəzaların maksimum sərtləşdirilməsini nəzərdə tutur.
Xüsusilə, uşaqların zorlanması, həmçinin qadınların zorlanaraq qətlə yetirilməsi hallarında ölüm cəzasının tətbiqi məsələsi gündəmə gətirilib.
“Sadır Japarov hesab edir ki, xüsusilə uşaqlara və qadınlara qarşı törədilən cinayətlər cəzasız qalmamalıdır”- deyə mətbuat katibi bildirib.