BAKI,AzerVoice
Slovakiya Azərbaycanın iqtisadi cəhətdən perspektivli regionlarından birində fəxri konsulluq açmağı planlaşdırır.
AzerVoice xəbər verir ki, bu barədə Slovakiya Respublikasının Azərbaycandakı səfirliyinin Elçin Qasımovun Bakıdakı diplomatik missiyaya yeni rəhbər təyin olunması ilə bağlı bəyanatında deyilir.
“Məqsədimiz iqtisadi potensialı yüksək olan Azərbaycan regionlarında Slovakiyanın fəxri konsulluğunun açılması üçün şərait yaratmaqdır”, – deyə Qasımov qeyd edib.
Onun sözlərinə görə, bu addım Slovakiya şirkətlərinin ölkədəki fəaliyyətinin genişlənməsinə və regional əməkdaşlığın möhkəmlənməsinə töhfə verəcək.
Səfir təyin olunmazdan əvvəl Elçin Qasımov Slovakiyanın Azərbaycandakı diplomatik nümayəndəliyinin rəhbər müavini vəzifəsində çalışıb, həmçinin, Slovakiya Milli Şurası sədrinin və ölkənin investisiya, regional inkişaf və informasiyalaşdırma nazirinin müşaviri olub.
Slovakiyanın xarici və Avropa işləri naziri Yuray Blanarın sözlərinə görə, iki ölkə arasında əməkdaşlığın prioritet istiqamətləri energetika və müdafiə sənayesidir, o cümlədən, Azərbaycan nefti və təbii qazının idxalı məsələləri. 2024-cü ildə ölkələr arasında ticarət dövriyyəsi təxminən 210 milyon avro təşkil edib.
E.Qasımov bildirib ki, əməkdaşlıq informasiya texnologiyaları və nəqliyyat da daxil olmaqla digər sahələrdə də uğurla inkişaf etdirilə bilər. O, həmçinin, Slovakiyanın mütəmadi şəkildə hökumətlərarası məsləhətləşmələr aparmaq və fəal diplomatik dialoqu davam etdirmək niyyətində olduğunu təsdiqləyib.