BAKI, AzerVoice, Zeynəb Raminqızı
Son illər ərzində qırmızı ət və süd məhsullarına qarşı yaranan allergiya – yəni Alpha-gal sindromu – alimlərin diqqət mərkəzinə çevrilib. Xəstəlik ABŞ başda olmaqla bir çox ölkədə geniş yayılmaqdadır.
AzerVoice xəbər verir ki, bu barədə ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərindən (CDC) verilən məlumatlara görə, təkcə ABŞ-da 450 minə yaxın insan sindromdan təsirlənə bilər.
Bu sindrom adını “qalaktoza-alfa-1,3-qalaktoza” adlı şəkər molekulundan alır. Bu molekul inək, donuz, dovşan və maral kimi məməlilərin toxumalarında mövcuddur. Gənə dişləməsi nəticəsində bu molekul insan qan dövranına daxil olduqda, immun sistem onu yad maddə kimi qəbul edir və antikorlar istehsal etməyə başlayır. Nəticədə, ət və süd kimi məhsullar qəbul edildikdə orqanizm allergik reaksiya verir.
Alpha-gal sindromunun ən qəribə xüsusiyyəti simptomların 2-6 saat gecikmə ilə ortaya çıxmasıdır. Bu əlamətlər arasında aşağıdakılar yer alır: Şiddətli qaşınma və dəri səpkiləri; Qarın ağrısı, ürəkbulanma və ishal; Ağız, üz və ya boğazda şişmə; Bəzi hallarda anafilaktik şok və s.
Mütəxəssislər bildirir ki, simptomlar gənə dişləməsindən 1-3 ay sonra meydana çıxa bilər.
2022-ci ildə ABŞ-da aparılan araşdırmaya görə, həkimlərin 42 faizi Alpha-gal sindromu haqqında heç vaxt eşitməyib. Bu da diaqnostikanı çətinləşdirir və düzgün müalicənin gecikməsinə səbəb ola bilər.
Ən çox yoluxdurucu növ ABŞ-da tək ulduz gənəsi hesab olunsa da, artıq Avropa, Asiya və digər qitələrdə də xəstəliyi ötürən müxtəlif gənə növləri aşkarlanıb. Xüsusilə qara ayaqlı maral gənəsi bu baxımdan təhlükəlidir. Gənələr yalnız meşələrdə deyil, şəhər parkları və həyət bağlarında da görünə bilər.
İqlim dəyişikliyi və maral populyasiyasının artması bu parazitlərin coğrafiyasını genişləndirir.
Qeyd edək ki, hal-hazırda Alpha-gal sindromunun qəti müalicəsi yoxdur. Ancaq qorunmaq üçün bütün heyvan mənşəli məhsullardan uzaq durmaq (ət, süd, jelatin); gənə dişləmələrindən qəti şəkildə qorunmaq; qida etiketlərini diqqətlə oxumaq və s. tövsiyə olunur.